"İstanbulda baş vermiş terror aktının əsas səbəbi Türkiyənin regionda və dünyada əsas təhlükəsizlik buferi kimi önə çıxması, bütün qlobal-iqtisadi, geosiyasi proseslərin əsas təşəbbüskarı və öncülü olmasından qaynaqlanır. Ayrı-ayrı dövlətlərin və qüvvələrin Türkiyənin hər gün daha da artan gücündən narahat olduğu göz önündədir. Belə ki, son vaxtlar rəsmi Ankara bir çox önəmli beynəlxalq proseslərdə həlledici mövqe sahibi statusunda qəbul olunur. Türkiyənin beynəlxalq mövqelərinin artması və qlobal siyasi iradə mərkəzinə çevrilməsi rəsmi Ankaraya qarşı müqavimət cəhdlərini də gücləndirib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloq qeyd edib ki, Türkiyənin Rusiya və Ukrayna ilə anlaşaraq “taxıl dəhlizi” sazişi ilə dünyanı qlobal ərzaq böhranından xilas etməsi, həm Rusiya, həm də Ukrayna ilə birbaşa siyasi-diplomatik təmas mexanizmlərini qoruyub saxlaya bilən yeganə dövlət olması və nəticə etibarilə gələcək sülh prosesində vasitəçilik missiyasının da həm Rusiyanın, həm də Ukraynanın güvəndiyi yeganə ölkə kimi məhz Türkiyənin üzərinə düşməsi bu ölkənin dünyanın təhlükəsizlik sistemində necə rol oynadığını bariz şəkildə ortaya qoyur.
Digər tərəfdən ayrı-ayrı dövlətlər Ankaranın həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada önəmli aktor, siyasi oyunçuya çevrilməsini də həzm edə bilmirlər. Xüsusilə, Türkiyənin Türk Dövlətləri Təşkilatının yaradılmasında və fəaliyyətinin gücləndirilməsində əsas siyasi cazibə mərkəzi rolunu oynaması bu gücləri olduqca narahat edir. Əgər, enerji resursları ilə zəngin olan Türkdilli dövlətləri özündə birləşdirən bu təşkilatın fəaliyyətində qarşıya qoyulmuş hədəflərə çatılarsa, onda dünya nəhəngləri yeni qlobal siyasi-iqtisadi güc mərkəzi ilə hesablaşmalı olacaqlar. Bütün bu məqamlar isə obrazlı ifadə etsək beynəlxalq güclərin yuxusuna haram qatır.
Hər birimiz zaman-zaman Türkiyədə terror aktlarını şahidi olmuşuq. Lakin təxminən 6 ildir ki, İstanbulda dünən baş vermis terror kimi təsirli bir hadisə, terror hadisəsi yaşanmamışdı. Türkiyədə sonuncu dəfə dəhşətli terror 2016-cı ilin 31 dekabrından 2017-ci ilin yanvar ayının 1-nə keçən gecə “Reina” əyləncə mərkəzində törədilmişdi. 39 nəfərin həyatını itirdiyi teraktdan sonra hücumlar səngimişdi. Xüsusilə İstanbul kimi böyük şəhərlərdə teraktlara rast gəlinmirdi. Rəsmi məlumatlara görə təkcə bu il ərzində Türkiyədə 200-ə yaxın terror hadisəsinin qarşısı alınıb. Təbii ki, son terror aktı Türkiyədə prezident seçkiləri öncəsi etimadsızlıq yaratmağa, vətəndaş narahatlığına nail olmağa, onların siyasi iradələrinə təsir etməyə hesablanıb. Lakin bu mənfur saldırının arxasında dayanan güclər bir şeyi unudurlar ki, son 40 ili terrorla mübarizədə keçirən bir milləti, bir dövləti bu cür hücumlarla öz yolundan çəkindirmək mümkün deyil. Əksinə hər belə bir saldırı türk insanına bir-birinə daha çox bağlayır və dövlətin müvafiq qurumlarını da terror qarşı daha güclü mübarizə aparmağa sövq edir. Odur ki, Türkiyəni qarşısına qoyduğu hədəflərdən yayındırmaq heç bir halda mümkün olmayacaq.
Onu da qeyd edim ki, son terror aktından sonra rəsmi Ankaranın PKK/PYD-YPG-yə qarşı da müəyyən addımlar atacağı qətiyyən şübhə doğurmur. Böyük ehtimalla yaxın vaxtlarda Türkiyə ordusu Suriyada genişmiqyaslı antiterror əməliyyatlarına başlaya bilər. Yəni, rəsmi Ankaranın terror aksiyası ilə verilən mesajları antiterror əməliyyatları ilə cavablandıra biləcəyi də qətiyyən istisna deyil.