Aleksey Fenenko: İrəvan sülhə gəlməsə, Moskva ərazilərin qalanını da qaytarmasında Bakıya mane olmayacaq - MÜSAHİBƏ

14 Noyabr 2022 17:10 (UTC+04:00)

Ötən həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Ermənistan-Azərbaycan nizamlanmasına dair üçtərəfli bəyanatı imzalamasının 2-ci ili tamam oldu. Qərb ölkələrinin son bir ildə Rusiyanı nizamlanmada əsas vasitəçi mövqeyindən sıxışdırıb çıxarmaq cəhdlərinə baxmayaraq, faktiki olaraq tarixi sənədin imzalanmasına nail olub, Soçidə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında oktyabrın 31-də keçirilən danışıqlarda tərəflər Moskvanın vasitəçilik səylərində maraqlı olduqlarını bir daha təsdiqləyiblər. ABŞ-ın Ermənistan-Azərbaycan problemindəki fəaliyyətinə gəlincə, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, “ABŞ-ın xoş niyyəti suallar doğurur”. “Çox söz verirlər, amma az şey verirlər. Bəzən təəssüflər olsun ki, “vədlər” altında tamam başqa bir məsələ gizlənir. Sözlərə inanmaq çətindir, amma uzun müddətdir ki, əməllərini nümayiş etdirə bilmirlər"- deyə Smolenskayadan bildiriblər.

Azərbaycan prezidenti İlham Əliyev bir daha xatırladıb ki, əgər Ermənistan xoşməramlılıq nümayiş etdirsə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması haqqında sülh müqaviləsi imzalanacaq. “Ermənistan süni şəkildə vaxtı uzatmamalı, hansısa möcüzə gözləməməlidir ki, onların yerinə kimsə gəlib döyüşəcək”.

Ötən həftə hökumətin iclasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə İrəvanı deyil, Azərbaycanı üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməməkdə ittiham etmək qərarına gəlib və ənənəvi olaraq populist və əsassız ritorikadan istifadə edib ki, guya Azərbaycanın guya Qarabağda “erməni soyqırımı” hazırlayır. Buna görə də, Paşinyan qeyd edib ki, separatçı Qarabağda qondarma “Müdafiə Ordusu” fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycanda qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazidən çıxarılması öhdəliyi üçtərəfli bəyanatda qeyd olunur, vaxtaşırı Azərbaycan mövqelərində təxribat və atəşlər təşkil edir.

Üümumiyyətlə, çtərəfli bəyanatın imzalanmasının ikinci ildönümündə Ermənistan-Azərbaycan nizamlanmasında vəziyyət necədir? Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində bunu şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksey Valeryeviç, bu gün nizamlanmada nəyə gəlmişik, vəziyyət necədir?

- Təəssüf ki, ümumilikdə iki ildir nizamlanmada heç bir iş görülməyib. Müxtəlif səviyyələrdə, müxtəlif vasitəçiliklə danışıqlar nə qədər intensiv aparılsa da, bu günə kimi strateji problemlərin heç biri həllini tapmayıb. Bütün bunlar, müharibədən əvvəl olduğu kimi, tədricən toplanır və qeyri-müəyyən bir gələcəyə təxirə salınır.

Sülh prosesi getdikcə zəifləyir, Ermənistan qisas almağa kömək edəcək müttəfiq axtarır, erməni cəmiyyətində revanşist müharibəyə ümidlər çox güclüdür. Ermənistanın prosesin hər hansı tamhüquqlu sülh yolu ilə nizamlanmasına, sülh müqaviləsinin imzalanmasına razılıq verməyə hazır olmadığı ortadadır. Nikol Paşinyan qisas almaq üçün Rusiyanın mövqeyinin zərərinə NATO-ya yaxınlaşmağa hazırdır. İndi Ermənistanın onsuz da ənənəvi məqsədi həyata keçirilir, onun onilliklər boyu etdiyi budur- Azərbaycanla danışıqları mümkün qədər ləngitmək, bu prosesi sonsuz formallığa çevirmək. Paşinyanın sələfləri də bununla fəal məşğul olublar.

Ermənistanın baş naziri ya nizamlanmada vəziyyəti bu gün bizim gördüyümüz mərhələdə- heç nə qərara alınmadığı halda saxlamaq, yəni danışıqları tərəflərin heç nə ilə razılaşa bilməyəcəyi, mahiyyət etibarilə razılaşa bilməyəcəyi bir vəziyyətdə saxlamaq istəyir. Erməni əhalisinin indi yaşadığı Qarabağın bir hissəsini- Azərbaycana qaytarılan ərazilərin bir hissəsini geri almağa cəhd edir. Ancaq bu fikir açıq-aşkar uğursuzluğa məhkumdur. Ermənistan sadəcə olaraq Qarabağın qalan hissəsini itirəcək və məğlub olacaq. İndi Ermənistan hakimiyyəti deyir ki, ölkə ordusunu modernləşdirəcək, bir az da silah alacaqlar. Gələcəkdə o, Qərb “tərəfdaşlarından” silah və hərbi yardım alacağını gözləyir.

- Paşinyanın bu mövqeyi yaxın gələcəkdə sülh sazişinin bağlanmasının real imkanlarını əngəlləyir. Bəs niyə nizamlanmadakı vəziyyət indi bizim gördüyümüz kimi inkişaf etdi? Axı, İkinci Qarabağ müharibəsindən dərhal sonra, üçtərəfli bəyanatın imzalanmasından sonra perspektivlərlə bağlı daha müsbət fikirlər yaranmışdı. Paşinyan sonra həqiqətən də nəsə etdi. Axı, İkinci Qarabağ Müharibəsindən sonra belə görünürdü ki, geri dönüş yoxdur və tək inkişaf nöqtəsi qabağa getməkdir və Ermənistan-Azərbaycan nizamlanmasında heç bir reviziya olmayacaq.

- Doğrudan da, bu geri dönüş nöqtəsi indi də mövcuddur. Çünki Azərbaycan bir millimetr belə nəyisə geriyə “geri çəkməyə” imkan verməyəcək. Çünki Azərbaycan hər cəhətdən, regional roluna görə və ümumilikdə geosiyasi baxımdan və yaranan beynəlxalq vəziyyət fonunda güclənib. Ona görə də onun üçün yalnız irəli getmək və Ermənistanın və onun lobbiçilərinin vəziyyətə və Ermənistan-Azərbaycan nizamlanmasında əldə edilmiş razılaşmalara yenidən baxmaq cəhdlərini dayandırmaq imkanı var.

Paşinyan niyə sazişlərə yenidən baxılmasına nail olmağa çalışır? Əvvəla, ona görə ki, o, hələ də ölkə daxilindəki radikallardan qorxur və qisas ideyasından əl çəkərsə, onu devirməklə açıq hədələyir. İkincisi, Paşinyan Parisdən və Vaşinqtondan, birbaşa desək, zəmanətlər aldı, ümidverici siqnallar aldı ki, əgər o, tamamilə Qərbə tərəf keçməyə hazırdırsa, o zaman ona müəyyən dəstək göstəriləcək. Ona görə də Ermənistanın baş naziri digər müttəfiqlərdən bu siqnalları Rusiyaya alternativ almaq ümidi ilə bu şəkildə qarşılayıb. Üçüncüsü, bu il Rusiyanın diqqəti kəskin şəkildə Ukraynaya yönəlib və Moskva indi Zaqafqaziyaya lazımi qədər vaxt ayıra bilmir. Dördüncü məqam isə ondan ibarətdir ki, amerikalılar və fransızlar Rusiyanı mümkün qədər Zaqafqaziyadan sıxışdırıb çıxarmaq üçün Ermənistana təzyiqləri artırıblar.

- Paşinyan yenidən bütün günahı Azərbaycanın üzərinə atdı, deyir ki, öhdəliyini yerinə yetirməyən Bakıdır.

- Bu, heç bir əsası olmayan tipik ittiham xarakterli ritorikadır. Ritorika Ermənistanın qurban olduğunu, Azərbaycanın guya işğalçı olduğunu bir daha göstərmək məqsədi daşıyır. Baxmayaraq ki, əvvəla bu, əksinədir. Yəni, İrəvan danışıqların növbəti mərhələsini pozmaq üçün köhnə oyununa başlayır. İrəvan belə məntiqlə çıxış edir: biz nəsə etmək istərdik, amma Azərbaycan istəmir, Türkiyə istəmir, Rusiya istəmir, kimsə istəmir...

Ermənistanın baş nazirinin Azərbaycanın Qarabağda “erməni soyqırımı” hazırlaması ilə bağlı bəyanatları Qarabağın “statusa” ehtiyacı olduğuna işarədir, əks halda beynəlxalq hüquqa görə, ona məxsus olan ərazilərdə statusa haqq qazandırmaq lazımdır- hansı ki, bu başqa bir dövlətin ərazisidir, siz isə bu ərazini üstəlik, daha əvvəl işğal etmişsiniz. Yalnız etnik zəmində “soyqırım” təhlükəsi altında fikir irəli sürülür. Amma təbii ki, heç bir soyqırım hazırlanmır, hamısı yalan və böhtandır, Ermənistanın siyasi və informasiya populist alətidir. Yeri gəlmişkən, Paşinyan özünün Qarabağ bölgəsinin Azərbaycanın nəzarətində olmayan hissəsində qondarma “müdafiə ordusu”nun olmasını da izah edir, baxmayaraq ki, çoxdan geri çəkilməli idi. Yəni, Ermənistan özü üçtərəfli razılaşmaları pozur və indi əldə olunmuş razılaşmaları manipulyasiya etmək və pozmaq üçün yeni cəhdlər edir.

Ermənistan həmişə hər şeylə kifayətlənmir. O, heç nədənsə razı qalıbmı? O, həmişə sülh yolunda irəliləməyin mümkünsüzlüyünün səbəblərini tapmağa çalışır. Paşinyan Qərbin köməyi ilə ordusunu yenidən silahlandırmaq və qisas almaq üçün vaxt qazanmaq istəyir.

- Rusiya ilə Qərb arasında nizamlanmada vasitəçilik mübarizəsi qızışır. Bu, etiraf etməmək nə qədər çətin olsa da, getdikcə daha çox açıq görünür. Bəli, Rusiya 2 il əvvəl tarixi sazişi imzalamaqla özünü vasitəçi kimi göstərdi. Amma indi Moskva etiraf edir ki, Qərb prosesə çox fəal şəkildə qoşulub.

- Rusiya Ukraynada Qərblə münaqişədədir. Qərb isə belə qərara gəlir ki, dünyanın müxtəlif yerlərində Rusiyanın maraqlarına təzyiq etmək lazımdır. Və bunu edir- getdikcə daha çox. Beləliklə, o, Ermənistan-Azərbaycan nizamlanmasından yapışdı. Qərbin vasitəçiliyi ilə görüşlərin bir-birini izlədiyini görürük.

Ermənistanın bu görüşlərdə məqsədi bəllidir- Qərb tərəfdaşlarını dəstəkləmək və Rusiyanın vasitəçiliyi ilə üçtərəfli sazişlərə yenidən baxmaq.

Azərbaycan prezidentinin danışıqlar prosesini prinsipial olaraq saxlaması vacibdir. Və o, danışıqlara razıdır, çünki məsələnin yekun həlli Bakı üçün vacibdir.

Nizamlanma ətrafında ssenarinin necə inkişaf edəcəyi Ukraynadakı vəziyyətdən asılı olacaq. Rusiya sonda Ukraynada Qərbə qarşı uğur nümayiş etdirsə, Rusiyaya təzyiq kəskin şəkildə azalacaq. Heç kim güclülərlə qarşılaşmaq istəməz. Rusiya üçün vəziyyət çətinləşərsə, təzyiqlər artacaq.

Hər halda bir şey aydındır- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yaxın gələcəkdə imzalanmayacaq. Ermənistan rəhbərliyinin əhval-ruhiyyəsi tam hüquqlu sülh müqaviləsinin imzalanmasına qətiyyən imkan vermir. Bu halda, danışıqlar müharibədən əvvəl olduğu kimi, sonsuz olaraq davam edə bilər. Amma Ermənistan Rusiya ilə nəhayət dalaşmaq axmaqlığına yol versə və bu gün bunun üçün hər şeyi edirsə, Azərbaycan Ermənistanın razılaşmalarını yerinə yetirməmədiyini və ondan yalnız təxribatların artmasını görməyə başlayanda öz ərazisinin qalan hissəsini də qaytarmağa cəhd edər və Moskva ona mane olmaz.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” çərçivəsində hazırlanıb.