Ümumdünya Diabetlə Mübarizə Gününün qeyd edilməsində məqsəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır. SİA xəbər verir ki, bu gün Mərkəzi Gömrük Hospitalının endokrinoloqları Dr.Şəbnəm Əlirzayeva və Dr.Naidə Novruzova şəkərli diabet xəstələrini müayinə, müalicə etməklə yanaşı, eyni zamanda pasiyentləri Ümumdünya Diabetlə Mübarizə Gününün yaranma tarixi və xəstəliyin fəsadları barədə məlumatlandırırlar. Şəkərli diabet mədəaltı vəzin kifayət qədər insulin ifraz etməməsi səbəbindən yaranan xroniki xəstəlikdir. İnsulin mədəaltı vəz tərəfindən istehsal olunan, hüceyrələrə daxil olaraq qana keçən və enerji istehsalı üçün istifadə edilən hormondur. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, 2021-ci ildə dünyada 537 milyon şəkərli diabet xəstəsi qeydiyyata alınıb, lakin 2045-ci ilə bu xəstələrin sayında 783 milyona qədər artım gözlənilir. Ölüm səbəbinə görə şəkərli diabet xəstəliyi kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. İnsulin istehsalının pozulması qanda qlükozanın səviyyəsinin artmasına səbəb olur. Bu vəziyyət hipeqlikemiya adlanır. Belə vəziyyətin uzun müddət davam etməsi orqan və toxumaların fəaliyyətinə mənfi və zədələyici təsir göstərir. Şəkərli diabet ömür boyu nəzarət, qayğı və monitorinqə ehtiyacı olan xroniki xəstəlikdir. Çox təəssüf ki, bu gün diabet uşaq və yeniyetmələr arasında da sürətlə inkişaf edir.
Diabet xəstəliyini vaxtında aşkarlamaq olduqca vacibdir. Belə ki, bu xəstəlik tam müalicə olunmadığına görə həmin xəstələr daim ciddi nəzarət altında olmalı və müəyyən qaydalara riayət etməlidirlər. Nəzarətsiz qalan xəstəlik infarkt, insult, böyrək çatışmazlığı və xroniki korluq kimi fəsadlara səbəb ola bilər.