Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN FOTO/VİDEO

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, bununla bağlı, paytaxt Bakı şəhərində müxtəlif ünvanlarda küclü külək səbəbindən insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb. Belə ki, daxil olmuş zənglər əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi və Nərimanov rayonu, Həsənoğlu küçəsində beşmərtəbəli binaların dam örtüklərində asılı vəziyyətdə qalmış dəmir parçalarının kənarlaşdırılması və ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, habelə Binəqədi rayonu, 3-cü Mədən küçəsində obyektdə yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması təmin olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə