Əsmər Əliyeva: "Şirvanlıların adına layiq millət vəkili olacağam" -VİDEO- FOTOLAR

9 fevral 2020-ci il tarixində Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində 46 saylı Şirvan şəhər dairə seçki komissiyası tərəfindən deputatlığa namizədliyi qeydə alınmış Əsmər Əlimusa qızı Əliyevanın bu gün təbliğat-təşviqat kampaniyasına start verilib. Deputatlığa namizəd Əsmər Əliyeva qərargah üzvləri, vəkilləri ilə birgə ilk öncə Ümummilli liderimiz Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış möhtəşəm abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini yad edib, hörmət və ehtiramını bildirib.

Deputatlığa namizəd Əsmər Əliyeva Ulu Öndər Heydər Əliyevin abidəsi önündə ilk açıqlamasını verib. Şirvanlı seçicilərə xitabən bildirib ki, məni millət vəkili olmağa həvəsləndirən möhtərəm Prezidentimiz İlham Əliyevin son kadr və siyasi islahatları, eyni zamanda gənclərin dövlət idarəçiliyində önə çəkilməsi və parlament seçkilərində gənclərin fəal iştirak etməsinə çağırışı səbəb oldu: "Mən dövlətimiz, xalqımız, şirvanlılar adına layiqli millət vəkili olacağıma hər kəsi əmin edirəm".

Ə.Əliyeva sonra Şirvan şəhərindəki Şəhidlər Xiyabanına gələrək Vətən uğurunda canından keçmiş şirvanlı şəhidlərin xatirələrinə ehtiramını bildirərək məzarları üzərinə qərənfillər düzüb. Deputatlığa namizəd Şəhidlər Xiyabanını ziyarətə gəlmiş körpə balalarla görüşüb, müəllimələrinə uşaqları vətənpərvərlik ruhunda tərbiyyə etdikləri üçün minnətdarlığını bildirib.

Əsmər Əliyeva daha sonra ərazi bütövlüyümüz uğurunda şəhid olmuş Azad Səttarovun ailəsinə baş çəkib. Şəhid ailəsinə baş sağlığı verərək bildirib ki, biz gənclərin borcu sizin kimi qəhrəman övladlar dünyaya gətirib vətən uğurunda qurban verən analara baş çəkmək və xeyir duanızı almaqdır: "Azərbaycan xalqının dahi rəhbəri, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun varisi və layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ əlillərinə və bu kateqoriyadan olan insanlara göstərdikləri diqqət və qayğı biz gənclər üçün bir nümunədir. Biz bu yolla gedib cənab Prezidentimizə və Birinci vitse-prezidentimizə dəstək olub öz töhfələrimizi verəcəyik".

Şəhid anası öz növbəsində Əsmər Əliyevaya xeyir-dua verərək bildirib ki, bir şəhid anası kimi daim bizlərə diqqət və qayğı göstərən cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm: "Sizə də seçkilərdə uğurlar arzulayır, Allahdan işinizi avand etməsini diləyirəm. Dövlətimiz, xalqımız üçün bu seçkilər düşərli və uğurlu olsun".

Deputatlığa namizəd Əsmər Əliyeva haqqında qısa məlumat:

1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı şəhər N.İsmayılov adına 80 nömrəli orta məktəbi fərqlənmə attestatı və fəxri fərmanla bitirmişdir.

2000-ci ildə test üsulu ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2004-cü ildə oranı bakalavr pilləsi üzrə fərqlənmə diplomu və fəxri fərmanla, 2006-cı ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ilin sentyabrından Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim vəzifəsində çalışmağa başlamışdır.

2012-ci ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2017-ci ildən Mülki proses və kommersiya hüququ kafedrasının dosentidir. Hüququn bir neşə sahəsi üzrə bakalavr və magistratura pilləsində Azərbaycan və ingilis dillərində mühazirələr oxuyur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində fəaliyyət göstərən birdəfəlik Dissertasiya Şuralarında üzv kimi fəaliyyət göstərir.

2014-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının yarımştat müəllimidir, hakimliyə namizədlərə, ədliyyə qulluqçularına, bələdiyyə sədrlərinə və digərlərinə təlimlər keçir.

Azərbaycan Respublikası İqtisad Universitetinin „SABAH“ qruplarına ingilis dilində mühazirələr oxuyur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumlarında maliyyə, bank və mülki prosessual qanunvericilik sahələrində baxılan işlərdə ekspert qismində çixiş edir.

2 dərs vəsaitinin, 1 monoqrafiyanın, 3 tədris proqramının, 2 qəzet məqaləsinin və 2-si xaricdə olmaqla 20-dən çox elmi məqalənin müəllifidir.

BDU-nun Rektorunun əmri ilə 2017-ci ildə Bakı Dövlət Universitetinin ictimai həyatında fəal mövqeyinə, vəzifəsinə məsuliyyətlə yanaşdığına görə “Fəxri Fərman”la təltif edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirinin 28 dekabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi Azərbaycan Respublikası yubiley medalı“ ilə təltif olunmuşdur.

Ailəlidir, 3 övladı vardır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə