İri addımlarla “Böyük Qayıdış” - TƏHLİL

Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyəti, iradəsi, uğurlu və uzaqgörən siyasəti ilə, müzəffər Azərbaycan Ordusunun rəşadəti, əzmi ilə, eləcə də xalqımızın birliyi ilə, bir zaman Qarabağ münaqişəsi adlanan məsələni həll etdik. Ölkə başçısının da qeyd etdiyi kimi, artır, Qarabağ münaqişəsi deyilən bir məsələ yoxdur. Şuşa, Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Ağoğlan (Hadrut), Kəlbəcər, Xudafərin geri qaytarıldı və bu torpaqlarımız əzəli, əbədi sahiblərinin geri qayıdışını gözləyir. Namərdcəsinə hücum edən ermənilərin ərazilərimizi işğal etməsi ilə yurd-yuvalarından didərgin düşənlərin, yəni, kəmfürsət yağıların qəsbkarlığı sayəsində öz evlərini tərk etmək məcburiyyətinfə qalanların, 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızın sahiblərinin qayıdışı - “Böyük Qayıdış” artıq başlayıb.

Düşmən ordusunun 80 faizi darmadağın edilməklə, Azərbaycanı, azərbaycanlıları özünə düşmən hesab edən bir topluma, hansı ki, öz "qüdrətini" mif olaraq sırımağa çalışırdı, öz həqiqi və aşağı yeri göstərildi. Özlərini məğlubedilməz kimi qələmə verənlər, bununla da get-gedə həyasızlaşanlar susduruldular, ən azından uzun zaman fasiləsi üçün neytrallaşdırıldılar və Azərbaycanın, özlərininki kimi şişirdilməyən, real olan qüdrətini etiraf etmək məcburiyyəti ilə üz-üzə qoyuldular. Ötən əsrin sonlarında Azərbaycanın hakimiyyət boşluğundan, bu boşluğun doğurduğu xaosdan, qarışıqlıqdan istifadə edərək, Azərbaycanı özlərindən zəif kimi təqdim etməyə çalışanlara ölkəmizin onlardan dəfələrlə artıq olan gücü, qüvvəsi, əzmi, imkanları göstərildi və onlar belə bir real fakt qarşısında qoyuldular. Bir sözlə, qaytarılan təkcə torpaqlar olmadı. Bizim milli ruhumuz, qürur və kimliyimiz də qayıtdı. Əbəs yerə deyil ki, Ermənistan cəmiyyəti bu gün özlərinə yer elədikləri, məskunlaşdıqları, əslində isə, əzəli Azərbaycan torpaqları olan ərazilərin də əllərindən gedəcəyi, bunu itirəcəkləri, azərbaycanlıların həmin torpaqlara da sahib çıxacaqları qorxusu ilə yaşayır. Bəli, daha böyük miqyasda Azərbaycanın qayıdışı qorxusu ermənilərin kürkünə birə salıb və erməni cəmiyyətini indi ən çox sıxıntıya salan da bizim qayıdışımızdır.

Heç kim üçün sirr deyil ki, işğaldan azad etdiyimiz ərazilərimzdə çox sürətli şəkildə, hətta iri addımlarla quruculuq işlərinə başlanılıb və tez bir zamanda bu işlərin müsbət nəticələr verəcəyinə kimsənin də şübhəsi ola bilməz. Erməni işğalına qədər Azərbaycanın dilbər guşəsi olan, sonra isə elə erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizin tez bir zamanda əvvəlkindən daha da abadlaşdırılacağına, hətta dilbər guşəmizin bundan sonra cənnətə çevriləcəyinə ümidi olmayan kimsə tapılmaz, çünki, Azərbaycanın bunun üçün istəyi, amalı, gücü, qüdrəti, imkanları və iradəsi də yetrincədir. Üstəlik, Azərbaycanın cənab Prezident İlham Əliyev kimi uzaqgörən, səriştəli, uğurlu rəhbəri, Ali Baş Komandanı var və məhz bunun fonunda işğaldan azad etdiyimizi torpaqlara “Böyük Qayıdışı” təkzib etmək nəinki ermənilərə, dünyada kimsəyə müyəssər olan deyil.
Azərbaycanın dövlət başçısı bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə olunacağını dəfələrlə diqqətə çatdırıb. İşğaldan azad olunmuş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacağını vurğulayan cənab Prezident əslində, həmin o ərazilərin sahiblərinin qayıdışı, şəraitlərinin yaxşılaşdırılması üçün, işğaldan azad etdiyimiz ərazilərimizdə daha böyük işlərin görüləcəyi anonsunu verib və bu işlər də çoxdandır ki, start götürüb. Artıq Füzulidə beynəlxalq hava limanının tikilməsinə başlanılıbsa, Zəngilanda, Laçın və Kəlbəcərdə də beynəlxalq hava limanları inşa ediləcəyi planlaşdırılıbsa, deməli, qarşıda gözləntilərimiz üçün nikbin düşünməyimizə belə kimsə mane ola bilməz.

Çox möhtəşəm işlərə artıq başlanılıb, hazırda azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həlli istiqamətində işlər görülür, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi üçün əməli tədbirlər də göz qabağındadır. Dövlət tərəfindən yol infrastrukturu qurulması, kommunal xidmət göstərən qurumların yerli bölmələrinin fəal işə başlamaları sirr deyil. Bunu təkcə ermənilər, Ermənistan tərəfi deyil, bütün dünya ictimaiyyəti də, beynəlxalq təşkilatlar da müşahidə edirlər. Müşahidə edirlər ki, Ermənistan tərəfinin 30 il ərzində nəinki abadlıq işləri görmədiyi, ümumiyyətlə, dağıtdığı, viran qoyduğu torpaqlar işğaldan azad edildiyi birinci gündən etibarən abadlaşdırılmağa başlanılıb. Nəinki müşahidə, həm də dərk edilir ki, Azərbaycanın həmin o torpaqlara yanaşması da Ermənistan tərəfinin yanaşmasından, mövqeyindən kəskin şəkildə fərqlidir, üstündür və ölkə başçısının rəhbərliyi, tapşırıqları ilə abadlıq işləri Azərbaycan tərəfindən dinamik şəkildə aparılır. Kifayət qədər böyük ərazini əhatə edən həmin o işğaldan azad olunmuş torpaqlarda iqtisadiyyatın bərpası vahid konseptual dövlət proqramı əsasında həyata keçirilir, hansı ki, bu da çoxşaxəli yanaşmaya söykənir. Bəli, istiqamətin həqiqətən də “Böyük Qayıdış” olduğu bu müstəvidə də özünü göstərir.

Dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı kimi, erməni vandallarının dağıtdığı, viran qoyduğu ərazilərin, yaşayış və ictimai binalar olmaqla sökülüb-dağıdılan tikililərin yenidən qurulması heç də az vəsait tələb etmir. Erməni vandalizminin izləri kimi bu zamana qədər tarixdə qalan maddi-mədəniyyət abidələrinin, qalan infrastruktur obyektlərinin yenidən qurulması üçün nə qədər çox, külli miqdarda vəsait tələb olunduğunu təsəvvür etmək çətin deyil. Amma, nə qədər çətin olsa da vacibdir, çünki, həmin ərazilərdə həyatın bərpası, ələlxüsus da “Böyük Qayıdış” başlıca məqsəddir. Onu da bilirik ki, 2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcək. Heç şübhəsiz ki, bu məbləğ də sonuncu və yekun məbləğ deyil və bunun ardınca hələ görüləcək işlər üçün ardıcıl şəkildə vəsaitlərin ayrılacağına əminik. Ona da əminik ki, vətəndaşlarımızın, işğaldan azad olunan torpaqların sahiblərinin həmin ərazilərdə, öz torpaqlarında məskunlaşmasına başlanılması çox uzun sürməyəcək.

“Böyük Qayıdış” planının gerçəkləşməsinə, yaxud bu planın yaxın zaman fasiləsində gerçəkləcəyinə şübhə ilə yanaşanlar, ən azından 2016-cı il Aprel döyüşlərindən dərhal sonra azad olunmuş Cocuq Mərcanlıda həyatın bərpasını, məşkunlaşma işlərinin cəmi 1 il sonra başlamasını yada salsınlar. Yada salsınlar, düşünsünlər və dərk etsinlər ki, bu təcrübəyə istinad edərək, əsaslanaraq Azərbaycan tərəfinin qayıdışla bağlı planları reallığı əks etdirir, ümidlər də mənasız deyil. Hazırda Füzuli beynəlxalq hava limanının tikintisi davam edirsə və hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilirsə, deməli, köç planına gələn ildən başlanıla biləcəyi də real görünür. Onu da nəzərə alsaq ki, həmin ərazilərdə digər beynəlxalq hava limanları da tikilir, bu halda Zəngilanda yaradılan “ağıllı kənd” kimi yaradılan yerlərə sakinlərin növbəti ilin yanvar ayında köçürüləcəyi barədə gözləntilər şübhə belə doğurmur.

Xüsusilə diqətə çatdırmaq yerinə düşər ki, işğaldan azad edilmiş ərazilərimizdə qayıdış istiqamətində görülən işlər həcm və miqyas baxımından, eləcə də intensivlik, sürət etibarı ilə genişdir. Hal-hazırda işğaldan azad edilən Füzuli rayonunda beynəlxalq hava limanının tikintisi, nəqliyyat yollarının çəkilməsi, digər infrastrukturların həyata keçirilməsi çox böyük sürətlə həyata keçirilir. Dövlət başçısı tərəfindən “yaşıl zona” adlandırılan həmin o işğaldan azad olunmuş ərazilərdə külək, su və günəş enerjisi stansiyalarının qurulması nəzərdə tululur. Dəmir yollu xətlərinin tikintisinə isə artıq başlanılıb. Ermənilər tərəfindən tamamilə dağıdılan, viran qoyulan Ağdam rayonunun baş planı artıq hazırlanıb, ölkə rəhbərinə təqdim edilib, hətta təsdiqlənib də. İşğaldan azad olunan kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq.

Həqiqətən də görürük ki, nəzərdə tutulan layihələr həddindən artıq geniş miqyası əhatə edir və həcm etibarı ilə də çox nəhəngdir. Əlbəttə, qayıdış üçün görüləcək işlər həcmcə, miqyasca çox ola, fəqət asta templə reallaşdırıla da bilərdi, amma görürük ki, sürət baxımından da, intensivlik baxımından da diqqət çəlb edir. Bir sözlə, işlərin sürətliliyi də göz qabağındadır. Quruculuq işləri bir deyil, hər istiqamətdə gedir və bir qədər qısa şəkildə ifadə etsək, “Böyük Qayıdış” iri addımlarla gerçəkləşir.

Maraqlı suallarla çıxış edə bilənlər ola bilər ki, görəsən, Azərbaycan bütün bunların öhdəsindən gələ biləcəkmi? Kimlərsə sual edə bilər ki, ölkəmiz bunları edə biləcəkmi, öhdəsindən gələ biləcəkmi? Bu suallara cavab olaraq bir məsələni xatırlatmaq istərdik ki, cəmi bircə il bundan əvvəl, məsələn, hətta Tovuz təxribatlarından sonrakı dövrdə 30 illik işğala cəmi 44 gün ərzində son qoyula biləcəyi çoxlarının təsəvvür edəcəyi şey deyildi. Çünki, bunun əksini düşünənlər hesab edirdilər ki, 30 il davam edən münaqişə 30-40 günə həll edilməsi inandırıcı deyil. Amma göründü ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə biz bunu, yəni, çoxlarının mümkünsüz hesab etdiyini 44 gün ərzində bacardıq. İndi, Azərbaycan bütün bunların öhdəsindən gələ biləcəkmi, sualını verənlərə biz belə bir sual ünvanlayardıq ki, ən çətin olanı etmiş və bu uğurda canını verməkdən belə çəkinməmiş xalqın, bütün çətinliklərin öhdəsindən uğurla gələn dövlətin, onun rəhbərinin, Ali Baş Komandanının bundan sonra bacarmayacağı nə isə ola bilərmi? Əgər, 30 ildə çözülməmiş məsələ öz həllini tapdısa, özü də ən qısa zaman fasiləsində və sürətlə bunu bacardıqsa, deməli, bundan sonra da bacaracağıq və artıq bacarırıq və iri addımlarla “Böyük Qayıdış” reallaşır.

İnam HACIYEV

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə