"8 Noyabr" istismara hazırlanır - RƏSMİ (FOTO)

Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – "8 Noyabr" stansiyası isə istismara hazırlanır.

Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən bildiriblər. Əsas inşaat işləri yekunlaşdırılmış stansiyada son tamamlama tədbirləri yerinə yetirilir.

Stansiya 3 səviyyədən ibarət olmaqla müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv. m. mərmər-qranit örtüyündən istifadə olunub.

Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb. Onu da qeyd edək ki, bu sosial kateqoriyadan olan sərnişinlər 2019-cu ilin mart ayından Bakı metropoliteninin bütün xətlərinin xidmətindən istifadə edirlər. Metropoliten tarixində ən mühüm sosial addımlardan biri kimi dəyərləndirilən "Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb.

Stansiyanın əsas özəlliklərindən biri də qatarların bir yoldan digər yola keçərək əks istiqamətdə hərkətini təmin edən dönmə kamerasıdır. Bu isə fərqli hərəkət qrafikinin tətbiqi, hərəkət intervalını azaltmaqla, qatarların müntəzəm hərəkətinin daha da intensivləşdirilməsinə şərait yaradacaq.

Burada tətbiq edilən inqilabi yenilikləri sırasında yolun üstquruluş elementləri də var. Postsovet məkanında ilk dəfə yolda tətbiq edilən müasir "Vollert-Rheda” sisteminin quraşdırılmasına başlanılıb. Yoldəyişdirici qurğu, təmas relsi də tamamilə yeni dövrün texnoloji tələbləri səviyyəsində metropoliten tarixində ilk dəfə tətbiq edilir. Bununla müasir texnologiyalarla səmərə, qənaət və keyfiyyətə nail olunması da təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə