Rayonla şəhərin fərqi - KÜNCDƏN BAXIŞ

Son vaxtlar bəziləri tərəfindən ortalığa yeni bir ideya atılıb. Rayon məfhumu, ümumiyyyətlə inzibatı bölgü dəyişdirilsin deyə. Bu təkliflərin mahiyyətində nə dayandığı haqda mətbuatda müxtəlif fikirlər səsləndirilir.

Nə bilim vallah, biri deyir, bu rayonları iri qəzalarda birləşdirib daha rahat idarə etmək üçündür, digəri deyir, bununla dövlət xərclərini azaltmaq olar, o biri deyir ki, burda nəsə psixoloji məqamlar var. Adam bilmir kimə inansın…

Ümumiyyətlə, son vaxtlar insanların illərlə öyrəşdiyi məkanları, avtobus nömrələrini, yer adlarını dəyişdirmək prosesi gedir. Bunu əldə bayraq edən bəzi ağzıgöyçəklər orda-burda danışırlar ki, bəs bu proses zərərlidir, insanların xatirələrinin, yaddaşlarının silinməsinə gətirib çıxarır.

İnamını yandıra bilmərəm, Avropa psixoloqlarının hansınınsa bununla bağlı əsərini oxumuşdum. Orda adam sübut edirdi ki, insanların gördüyü şeylərin tez-tez dəyişməsi onların yaddaşının silinməsinə səbəb olur. Hətta, faşist konslagerlərində həyata keçirilmiş belə bir eksperimentdən nümunə də gətirmisdi.

Şəxsən mən belə cızmaqaralara inanmaram, nə olsun avropalı yazıb, bəyəm Avropada hamı ağıllıdır? Amma bu avropalılar yaman mövhumatçıdırlar, parapsixoloji cəfəngiyyatlara inanırlar. Görmürsünüz, tarixi binaları, abidələri necə qoruyurlar? Radikal konservatorlardır, bunlarda bircə damcı kreativlik, novatorluq deyilən qabiliyyət yoxdur.

Nədən danışırdıq, hara gəlib çıxdıq. Həə, əslində, mənim hüzurunuzda ərz eləmək istədiyim məsələ bir az ayrıdır. Bu da, alimli, jurnalistli, müəllimli az qala bütün xalqımızın inzibati-coğrafi ərazi bölgüləri haqda yanlış fikirdə olmasından ibarətdir.

Məsələn, bizim ölkədə şəhər deyiləndə ancaq Bakı nəzərdə tutulur. Tutaq ki, biri ölkənin başqa bir şəhərindən- məsələn, Mingəçevirdən Bakıya gələn adamdan soruşurlar ki, “kənddə nə var, nə yox?” və ya “irayonda vəziyyət necədir?”. Halbuki, Mingəçevir nə rayon deyil, nə də kənd, 120 minə yaxın əhalisi olan şəhərdir.

Yaxud bölgələrdən (lap elə Sumqayıtdan) Bakıya gedəndə “şəhərə gedirəm” deyirlər. “Hansı şəhərə”- deyə soruşsan sənə “dəvə nalbəndə baxan kimi” baxacaqlar. Çoxları “paytaxt” sözü ilə “şəhər” sözünü sinonim kimi anlayır.

Qəbul olunmuş normalara görə, əhalisinin yarıdan çoxu qeyri-aqrar sektorda çalışan, müasir infrastruktura mailk olan yaşayış məntəqələri şəhər statusu ala bilər. Şəhərin öz göstəriciləri var- bunun böyük və ya kiçikliyi, paytaxt və ya region şəhəri olması əhəmiyyət kəsb etmir. Məsələn, Danimarkada əhalisi 2000 nəfəri ötən bütün yaşayış məntəqələri şəhər statusu daşıyır.

Rayon anlayışı isə, inzibati ərazi vahidi olaraq özündə çoxsaylı yaşayış məntəqələrini (şəhərlər, qəsəbələr, kəndlər) və coğrafi məkanları (dağlar, çaylar, göllər, düzlər və s.) birləşdirən məhfumdur. Adətən rayonun inzibati mərkəzi şəhər olur. Elə rayonlar var ki, orada 2 şəhər var- (məs. Lənkəran, Tovuz, Xaçmaz, Cəlilabad və s.).

Amma iri şəhərlərin özləri də (Bakı və Gəncə) rayonlara bölünür. Bu o deməkldir ki, Bakıda yaşayan hər kəs eyni zamanda rayon sakinidir. Məsələn, Nəsimi rayonunun sakini.

Şəxsən mənə çox maraqlıdır, niyə 75 şəhəri olan ölkədə “şəhər” deyiləndə yalnız Bakı nəzərdə tutulur? Niyə digər böyük şəhərlərə (məs. Gəncə, Mingəçevir, Şirvan və s) rayon deyilir?

Bir çox hallarda bu cür ifadələri ziyalılar, deputatlar, nazirlər belə işlədir. Dövlət orqanlarının saytlarında, mediada belə bu cür gülünc səhvlər verilir. Televiziyalarda və rəsmi mətbuatda belə rayonla şəhərin fərqini anlamırlarsa, o zaman savadsız insanlardan nə gözləmək olar?

Dediyim odur ki, hər şeyi öz adı ilə çağırmaq yaxşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə