2012-2013-cü ilin dəbi

Payız-qış aylarında necə geyinməli?

İnsanın arzu və istəklərinin dəyişmə sürətinin yüksəkliyi hətta psixoloqları belə çaşdırır. Ən gözəl, ən əlçatmaz bir şeyə sahib olmaq istəyimiz, onu əldə etdikdən dərhal sonra yorulmaq ehtimalımızın yanında kölgədə qalır. Xüsusilə də qadınlarda bu cürdür. Bu məsələ dəb aləmində, geyim seçimində daha çox müşahidə olunur. Yayın qızmar günlərində insanlar, əsasən, ağ rəngli və ya digər açıq rəngli paltar geyindiyi halda payızda daha qalın və tünd rəngli geyimlərə üstünlük verirlər.

Geyim insanın statusunu bildirir, onun cəmiyyətin hansı təbəqəsinə məxsus olduğunu sərgiləyir. Fəsillər bir-birini əvəz edəndə, ilk növbədə, xanımlarımızı düşündürən necə geyinib - keçinmək olur. Axı dəb hər il, hər mövsüm dəyişir. Yəqin ki, dəblə ayaqlaşanlar, dəbli və ən əsası isə zövqlü geyinənlər artıq payız-qış mövsümü üçün planlarını da qurublar.
 
Görəsən, bu ilin payız-qış kolleksiyasında ən çox nələr üstünlük təşkil edəcək? Bu, təbii ki, hər bir xanımı düşündürür.
Moda aləmində tanınmış modelyerlər bu ilin payız-qış dəbi barədə danışarkən toxunma jaketlərin yenə də bu ilin brendlərindən olduğunu qeyd edirlər. Şal yaxalıqlı jaketlər daha çox dəbdə olacaq. Üçlü dəstlər, kostyumlar da xüsusi geyimlər arasında olacaq. Sadə parçalar üstünlük təşkil edəcək. Xüsusilə ətək və ya şalvar, jilet, pencək dəbi hökm sürəcək. Uzun ətəklərlə pencəklər də dəbdə olacaq. Jiletlər isə trikatajdan hazırlanmış olacaq. Paltolara gəlincə isə ciddi, yumşaq və döşaltı kəsimli, romantik üslublu paltolar bi il də dəbdə olacaq. Həmçinin geyimlər arasında ornamentli, məxmər parçalardan da çox istifadə ediləcək. Şalvar, kostyum, ətək və neçə ildir dəbdən düşməyən şortlarda da ornamentli parçalara üstünlük veriləcək. Bu il artıq dar geyimlər elə də dəbdə olmayacaq. Daha çox enli, geniş və incə parçalardan hazırlanmış ətəklər, şalvarlar bu ilə damğasını vuracaq.
 
Modelyerlər həmçinin vurğulayırlar ki, bir neçə ildir gənc qızların istifadə etdiyi şlyapalar bu il də öz təsirini saxlayacaq. Bu aksessuarlar arasında qalstuklar, əlcəklər və iri toxunuşlu şərflər də yenə dəbdədir. Aksessuarlar xüsusilə 1930-cu illərin dəbinə uyğun olacaq. Demək olar, bu il retro üslubunda olan geyimlər, şlyapalar ilə öz damğasını vuracaq. Həmçinin dizə qədər uzunluğu olan karandaş ətəklər də bu ilin payız-qış dəbi arasındadır. Köynəklər arasında isə valanlı, “stoyka” yaxalıqlı, hündür kəsimli, yumru biçilmiş yaxalıqlı köynəklər dəbdə olacaq. “Vadalazkalar” da bu il yenə dəbli geyimlər sırasındadır.
 
Modelyerlərin fikirincə dərilər və xəzlər də bu ilin əvəzedilməzləri sırasında olacaqlar. Xüsusilə ekzotik və zamş dərilər də hələ öz dəbini qoruyub saxlayır.  Bnun xüsusilə qeyd edək ki, bu mövsüm xəzlər yenə də öz qüvvəsindədir. Hələ uzun müddət bu belə davam edəcək.
Bu ilin payız-qış dəbli geyimləri arasında rok üslubunda geyimlər də üstünlük təşkil edəcək. Xüsusilə xırda dəmirlərlə işlənmiş sadə dərilər daha çox olacaq.
 
Qadınların ən zəif nöqtəsi olan ayaqqabılara gəlincə isə qeyd edək ki, daha çox hündürdaban ayaqqabılar bu ildə öz aktuallığını qoruyacaq. Klassik hündürdaban ayaqqabılara xanımlar daha çox üstünlük verəcək. Çantalara gəlincə isə bu il çox kiçik ölçülü balaca çantalar öz əsrarəngizliyini qoruyub saxlayacaq. Bu ildən etibarən çox böyük çantaların mövsümü bitmiş hesab olunur.
Məlumat üçün bildirək ki, bu ilin payız-qış geyimləri zamanı xanımlar bir rəngdən də istifadə edə bilərlər. Bu il qırmızı və qırmızının çalarları dəbdə olduğundan modelyer xanımlara bu rəngdən daha çox istifadə etməyi məsləhət gördü.
 
Sonda əlavə edək ki, 2012-2013-cü illərdə konkret olaraq hər hansısa illərin dəbi hakim olmayacaq. Çünki xanımlar müxtəlif illərin dəblərini çox fərqli və maraqlı şəkildə kombinə edə bilirlər. Həmişə olduğu kimi, bu ildə sizə yaraşan paltar dəbdə olan paltardır. 
 
Minarə Hacıyeva

Şərh yaz