Əlvida, Yaşar Nuri!

Onun gedişi də gəlişi kimi alqışlandı

Uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edən xalq artisti Yaşar Nuri ilə Akademik Milli Dram Teatrında vida mərasimi başa çatıb. SİA xəbər verir ki,  mərasimə qatılanlar arasında mərhumun yaxınları, sənət dostları, hökumət nümayəndələri, millət vəkilləri və pərəstişkarları olub.

Tədbirində aktyorun 60 illik yubileyində etdiyi çıxışın audio yazı şəklində səslənib.

Mərasimdə çıxış sözü ilə iştirak edən baş nazirin müavini Elçin Əfəndiyev aktyor haqda xatirələrini bölüşərək, ailəsinə baş sağlığı verib: “Yaşar Nurinin ölümü Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itkidir. Belə sənətkarların əvəzləyicisi olmur”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə baş verən hadisədən səfərdə olan ölkə başcısı İlham Əliyevi məlumatlandırdığını açıqlayıb: “Azərbaycan prezidenti İlham Əliyevin hazırda xaricdə rəsmi səfərdə olduğu üçün telefon əlaqəsi yaradaraq bu acı xəbəri çatdırdım. Azərbaycan prezidenti Yaşar Nurinin ailəsinə, bütün teatr ictimaiyyətinə başsağlığı verdi. Yaşar Nurinin itgisi çox ağır oldu. Yaşar Nuri hər zaman bizim qəlbimizdə yaşayacaq. O son ana qədər səhnə arzusu ilə yaşadı. Burada, onun cənazəsi önündə çıxış etmək çox ağırdır. Mən Yaşarın vəfatına görə Azərbaycan xalqına başsağlığı verirəm. Xalq artsti II Fəxri Xiyabanda dəfn olunacaq”.

Xalq artisti  Firəngiz Mütəllimova Yaşar Nuri ilə səhnədə 34 il çiyin-çiyinə çalışdığını bildirib: “O mənim həyatda yeganə dayağım, sirdaşım idi. Yaşar tək səhnədə deyil, həyatda da mənə dayaq idi. Bu gün mənə çox ağırdır, mənim dayağım getdi. İndi mən Yaşarla bu səhnədə vida parçamı oynayıram”.    

Kinorejissor Vaqif Mustafayev həm dostunu, həm böyük sənətkarı itirdiyini, bunun onun üçün çox ağır olduğunu deyib. Daha sonra Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, xalq artisti Rafiq Əzimov və başqaları çıxış ediblər.

Sənətkarın qızı  Ülviyyə Nuriyeva vidaya toplaşanlara, Yaşar Nurini sevənlərə ailələri adından təşəkkür edib.

Yaşar Nurinin cənazəsi Akademik Milli Dram Teatrının səhnəsindən alqışların müşayiəti ilə qaldırılıb.

Mərhumun yaxınları ilə yanaşı əhər sakinləri də teatrın qarşısına aktyorla vidalaşmağa toplaşmışdı.

Onun gedişi də gəlişi kimi böyük alqışlar altında oldu.

Allah rəhmət eləsin!

Foto müəllifə məxsusdur

Şəkillərə iri formatda baxmaq üçün üzərində klikləyin

Türkan Məmmədli
cahangir
00:21 14.12.2012

allah qeni-qeni rehmet etsin size Yasar bey Siz sozun esl menasinda gozel aile bascisi ustad aktyor semimi gozel insan idiz... Yeriniz rahat olsun,,,

Şərh yaz