Milli mənəvi dəyərlərimiz Azərbaycan dövlətinin əsaslarını təşkil edir

 
Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovdur 
 
- Nizami müəllim, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında fikirlərinizi bilmək istərdik. Bu sahədə mövcud vəziyyəti, bu dəyərlərin dövlət quruculuğu prosesindəki rolunu necə qiymətləndirirsiniz? 
- Ümumiyyətlə, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı da bugünədək məhz milli mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bugünədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da andiçmə mərasimində əlini Qurani-Şərifə basaraq milli mənəvi dəyərlərimizi qoruyacağına and içdi. Bu fakt dövlətimizin milli-mənəvi dəyərlərimizə, ənənələrimizə verdiyi önəmin göstəricisidir.
Müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu mövcud idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə sapdırmağa çalışırdı. Lakin Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəldi. Belə ki, Ulu öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalaşdırılması idi. Bununla da, Azərbaycan dövlətinin əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli mənəvi dəyərləri başlıca dayağa çevrildi. 
Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə və qorunub saxlanma səviyyəsindən asılı olacaqdır. Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb. Milli mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısının daim diqqətindədir. Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycan xalqının hər zaman milli mənəvi dəyərlərinə sadiq olduğunu söyləyib. Dövlət başçısının sözlərinə əsasən, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli mənəvi dəyərlər üzərində həyata keçirilir. 
- Andiçmə mərasimində dövlət başçısı Azərbaycandakı tolerantlıq mühitinin dünya üçün örnək olduğunu vurğulayıb. Ümumiyyətlə, tolerant cəmiyyətlərin üstünlükləri nədən ibarətdir? 
- Azərbaycan hər zaman fərqli dinlərin daşıyıcılarının qardaşlıq zəminində yaşadığı ölkə olub. Azərbaycanın dünya üçün bir tolerantlıq nümunəsi olması hər zaman xüsusi olaraq vurğulanır. Təbii ki, müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XXI əsrdə Azərbaycanda bu cür gözəl bir ab-havanın hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə şəraitin yaradılması Ulu öndərimiz tərəfindən əsası qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsidir. Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlarının təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutu sayılmalıdır. Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. 
Son illərdə dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, hökumətlərə təzyiqlərin göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturazlimin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir. Bütün bunların fonunda Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Bunun əsas səbəblərindən biri odur ki, qeyd etdiyimiz kimi, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır. Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyəti formalaşıb. 
Oktyabrın 19-da inaqurasiya mərasimində çıxış edən Prezident İlham Əliyev də bu məsələyə münasibətini bildirib: «Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir». Ümumiyyətlə, ölkəmizdə dini zəmində qeyri-sabitliyin yaranmasının qarşısını alan əsas səbəblərdən biri müasir Azərbaycan dövlətçiliyinin xalqımıza məxsus mənəvi keyfiyyətlərə söykənməsi və onları qorumasıdır. Bunun təsdiqini, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarında görmək mümkündür. Hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali Qanunun 18-ci maddəsinin I bəndində göstərilir ki, “bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. 48-ci maddədə isə Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. 
Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir. 
- 9 oktyabr seçkilərində xalqımız Prezident İlham Əliyevə yenidən yüksək etimad göstərdi. Təbii ki, bu etimadın əsasında ötən illərdə həyata keçirilən uğurlu siyasətin nəticələri dayanır. Bir ziyalı kimi ötən dövrə nəzər saldığımız zaman Azərbaycan mədəniyyətinin vəziyyətini necə dəyərləndirərdiniz? 
- İnkişaf tempinə görə qabaqcıl ölkələrlə yanaşı addımlayan Azərbaycanımız bütün sahələrdə olduğu kimi mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə edib. Ölkəmizin dünyada tanıdılmasında, xalqımızın mənəvi dəyərlərinin qorunub inkişaf etdirilməsində, eləcə də, mədəni irsimizin gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı tədbirlər bunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin mədəniyyətin tərəqqisinə göstərdiyi diqqət və qayğı söz yox ki, bu yüksəlişdə başlıca amildir. Çünki cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın əsl himayədarı olmuş, öz fərman və sərəncamları ilə bu inkişafa güclü stimul yaratmışdır. Məhz bunun nəticəsidir ki, Ulu öndər Heydər Əliyevin mədəniyyətin inkişafı ilə bağlı ölməz ideyaları bu gün dönmədən həyata keçirilir. 
Azərbaycan getdikcə daha müasir və daha sivil dövlətə çevrilir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Xalqımızın bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərib. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Məlum olduğu kimi, dövlətin mədəniyyət siyasəti də məhz milli dəyərlərin müasir dövrdə yeni bir formada inkişaf və təşəkkülünə yönəlib. Belə ki, mədəniyyətin hər bir növü zaman və məkan çərçivəsində yüksəliş dövrünü yaşayır. Ümumiyyətlə, Azərbaycanın mədəniyyət siyasəti haqda təsəvvür əldə etmək üçün, ilk növbədə, onun tarixi, təbii-coğrafi şəraiti ilə, eləcə də, həmin ölkədə ictimai və fərdi həyat sahələrində ümumi vəziyyətlə tanış olmaq lazımdır. Bütün bu illərdə Azərbaycanda əldə olunan uğurların hər biri, nəinki xalqımız üçün, eləcə də, beynəlxalq aləmdə milli dəyərlərimizə olan maraq və diqqəti bir daha artırıb. Belə ki, tariximizin şanlı bir səhifəsinə çevrilən bu 10 ildə görülən işlər və reallaşan layihələr Azərbaycan mədəniyyətinə dövlət qayğısını bir daha nümayiş etdirdi. Sözsüz ki, bu möhtəşəm layihələr və həllini tapan məsələlər gələcəkdə Azərbaycan milli mədəniyyəti ilə bağlı bir sıra işlərin gerçəkləşməsinə də öz müsbət təsirini göstərdi. Ötən müddət ərzində də mədəniyyət nümayəndələrimiz, nəinki Azərbaycanda, eyni zamanda, bütün dünya ölkələrində keçirilən mühüm tədbirlərdə fəal iştirak edərək ölkəmizi layiqincə təmsil ediblər. Bütün bunların əsasında isə dövlətin, şəxsən ölkə Prezidentinin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğı durur. 
- Nizami müəllim, qloballaşma dövründə xalqların öz ana dillərini qoruyub inkişaf etdirməsi də ciddi məsələyə çevrilib. Azərbaycanda dil sahəsində qanunvericilik bazası da zaman-zaman təkmilləşdirilir. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək mümkündür? 
- Milli Məclis «Dövlət dili haqqında» qanununun təkmiləşdirilmiş variantını yaxın zamanlarda qəbul edib. bu sənəd mövcud olan müəyyən çatışmazlıqları aradan qaldırır. Təbii ki, bizim ən uğurlu sənədimiz «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»dır. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş bu proqram həm milli xüsusiyyətləri, həm də qloballaşmanın təsirini çox aydın izah edir. Ən mühüm məsələlərdən biri budur ki, dövlət və cəmiyyət arasında dilin qorunması ilə bağlı əlaqə gücləndirilir. Yəni qaynar xəttin yaradılması nəzərdə tutulub ki, insanlar hardasa dil ilə bağlı problem görürlərsə, müvafiq qurumlara məlumat verə biləcək. Bilirsiniz ki, Azərbaycanda iqtisadiyyat, ictimai-siyasi təfəkkür yüksəliş həddindədir. Bununla əlaqədar olaraq, Azərbaycan dilinin inkişafı məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Daha doğrusu, dil məsələsi milli, ictimai təfəkkürün və düşüncənin inkişafı fonunda diqqətdən kənarda qala bilməz. Dünyada müşahidə edilməkdə olan qloballaşma prosesi şəraitində dilin qorunması və inkişaf etdirilməsi probleminə iki cür yanaşma mövcuddur. Bu yanaşmalardan biri milli xüsusiyyətlərin, o cümlədən dilin qorunub saxlanmasından ibarətdir, ikinci yanaşma isə ölkənin və onun dilinin dünyaya açıq olması məsələsidir. 
Axı onu da nəzərə almaq lazımdır ki, qloballaşma prosesi nəticəsində dilin istifadə edilməsi ilə bağlı bir sıra problemlər yaranır. Bəzi dünya dilləri yox olur, bəziləri isə güclü xarici təsirə məruz qalır. Buna görə də, Azərbaycan dilinin qloballaşma dövründə qorunub saxlanması və inkişaf etdirilməsini vacib hesab edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə birləşdirən bir atributdur. Buna görə də, bu amil dilin inkişaf etdirilməsi işi ilə bağlı istənilən qərarların qəbulunda nəzərə alınır və Dövlət proqramında öz əksini tapan müddəalar da bu tələblərə tamamilə cavab verir.
 
yap.org.az
SES QEZETI
tuncay
19:50 24.10.2014

salam necesiniz

Şərh yaz