Balaca gimnastımız bir ayda dördüncü medalını qazandı

2 Dekabr 2019 23:17 (UTC+04:00)

Budapeştdə bədii gimnastika üzrə X beynəlxalq "Yeni il" kuboku turniri keçirilib. Turnirdə Macarıstanla yanaşı, Azərbaycan, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya və İrlandiyanı təmsil edən 21 klubdan 400-ə yaxın gimnast mübarizə aparıb. AZƏRTAC xəbər verir ki, həmyerlimiz - on yaşlı Mina Abbasova bu dəfə də üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinci olub. Bununla da balaca gimnastımız noyabr ayı ərzində dördüncü medalını qazanıb. Bu, onun ümumilikdə 39-cu (15 qızıl, 20 gümüş, 4 bürünc) medalıdır.

M.Abbasovadan başqa Azərbaycanı bu yarışlarda "Gym Kids" klubunun üzvləri də təmsil ediblər. Müxtəlif yaş qruplarından olan gimnastlarımız - Fatimə Əlizadə (2012), Aybəniz Qafarova (2014), Samirə Rzayeva (2014), Daniela Səfərova (2010) birinci yeri tutublar. Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Haşimova (2010) gümüş medallarla kifayətlənməli olublar.