Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

2 Dekabr 2019 23:05 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqilliyin 48-ci ildönümü münasibətilə dekabrın 2-də bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi çıxış edərək BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. Bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər, ölkə başçılarının qarşılıqlı səfərləri, getdikcə genişlənən ticari-iqtisadi və mədəni əlaqələr, BƏƏ-dən təşrif buyuran turistlərin sayının artması müxtəlif sahələrdə əlaqələrimizin nə dərəcədə möhkəm olmasına dəlalət edir. Səfir ölkələrimiz arasında mövcud olan əlaqələrin genişləndirilməsinə öz töhfəsini verən BƏƏ-Azərbaycan Ticarət Məclisinin uğurla fəaliyyət göstərdiyini deyib.

Azərbaycan Prezidenti və Hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Nazir bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı hörmətə, möhkəm dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir. Bunu şərtləndirən əsas amil kimi ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır.