“TANAP Azərbaycan və Türkiyənin Avropa ölkələrinə verdiyi böyük töhfədir” Bəhruz Quliyev

2 Dekabr 2019 17:52 (UTC+04:00)

TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü fikirləri özündə bir sıra əhəmiyyətli məqamları ehtiva etməkdədir. SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, TANAP layihəsinə start verilən gündən başlayaraq, Azərbaycanın bu layihədəki önəmli yeri və rolu ilk növbədə ölkəmizin Avropanın enerji təminatçısı rolunu təsdiq edib: "Əbəs deyil ki, kəmərin Avropa ilə birləşən hissəsinin açılış mərasimində dövlət başçımız xüsusilə vurğuladı ki, TANAP Türkiyə, Azərbaycan və digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir. Belə ki, layihədə iştirak edən hər bir ölkənin öz payı və töhfəsi vardır. Ümumiyyətlə, Azərbaycanın son illər ərzində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılmasında, bütövlükdə isə, enerji projeləri ilə yanaşı nəqliyyat və s. kimi məsələlərdə təşəbbüskar və ideyaverici kimi çıxış etməsi, faktı dövlətimizin iqtisadi gücünün, qüdrətinin bariz, danılmaz göstəricisidir.

Qarşıda dayanan digər mühüm layihələrdən hesab edilən TAP-ın da çox yazın zamanlarda icrasının yekunlaşması Cənub Qaz Dəhlizinin təyin olunduğu vaxtda icrasını təmin edəcəkdir ki, cənab İlham Əliyev bu amili xüsusilə mərasim iştirakçılarına xatırlatdı. Artıq əminliklə deyə bilərik ki, bu layihələr Azərbaycanın birləşdirici körpü rolu oynamasını, həmçinin məkan olaraq mərkəz kimi qiymətləndirilməsi faktorunu isbat etməkdədir".

"Bu kimi əhəmiyyətli məqamlarda qardaş Türkiyə dövlətinin daim Azərbaycana dəstək göstərməsini də əsas amil kimi dəyərləndirməliyik", deyən Bəhruz Quliyev sonda onu da bildirib ki, ölkələrimiz arasında mövcud olan və tarixi əsaslara söykənən möhkəm bağlar yaxın gələcəkdə daha böyük, daha nəhəng layihələrin həyata keçirilməsinə geniş şərait yaradacaq: "Biz, gələcəyə inamla baxırıq və gələcəyimizi Türkiyə ilə birgə addımlayaraq təyin etməliyik. Çünki dövlət başçımız da qeyd etdi ki, Türkiyənin uğurları, zəfərləri Azərbaycanın da zəfəridir və bu gün ölkələrimizin Avropanın enerjisini, nəqliyyatını və s. sahələrini təmin edən iki dövlət artıq dünyanın söz sahibinə çevrilməkdədir. Əlbəttə ki, bütün bu reallıqlar qarşıda dayanan hədəflərimizi də müəyyən edir. Bu hədəflər daha güclü, daha qüdrətli və daha tərəqqi etmək gerçəkliyidir".