Ciddədə İslam Əməkdaşlıq Təşkilatının 50 illik yubileyi qeyd olunub FOTO

2 Dekabr 2019 17:08 (UTC+04:00)

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil-qərargahının yerləşdiyi Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində qurumun yaradılmasının 50 illiyi münasibətilə (Qızıl Yubiley) yubiley tədbiri keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Qızıl Yubileyin açılış mərasimində bu ölkənin dövlət və hökumət nümayəndələri, İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Useymin, quruma üzv ölkələrin Xarici İşlər nazirləri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Mənzər Nurəliyeva, Ciddədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış ziyalılar və KİV təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Yusif bin Əhməd əl-Useymin İslam ümmətinin birliyi və rifahı naminə Təşkilat tərəfindən görülən işlərə, həmçinin müsəlman ölkələrinin terrorizm və ekstremizmə qarşı apardığı

birgə mübarizəyə daimi dəstək göstərdiklərinə görə İƏT Sammitinin sədri, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda və Vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda dərin minnətdarlığını bildirib. Qeyd edib ki, İƏT tərəfindən 50 il ərzində bütün İslam ümməti üçün görülmüş işlər gələcəkdə də davam etdiriləcək.

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Əmir Feysəl Əl-Səud çıxış edərək İƏT-in yaradılmasının əsas məqsədi - İsrail-Fələstin münaqişəsinin həllinin müsəlman dünyasının ən vacib məsələlərindən olduğunu vurğulayıb, Şərqi Qüdsün paytaxt olması şərtilə müstəqil Fələstin dövlətinin qurulması istiqamətində ölkəsinin fəaliyyətini davam etdirəcəyini bir daha diqqətə çatdırıb.

Sonra İƏT-in coğrafi qrupları adından Tunis (Ərəb qrupu), Qabon (Afrika qrupu) və Türkiyə (Asiya qrupu) Xarici İşlər nazirləri çıxış ediblər.

Mərasim çərçivəsində İƏT-in məqsədlərinin həyata keçirilməsinə töhfə verdiklərinə görə bir sıra şəxslər təltif olunub.

Daha sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Seneqal və Azərbaycanın rəqs qrupları çıxış ediblər.

Qeyd edək ki, Ciddənin müxtəlif guşələrində üç gün davam edən Qızıl Yubiley şənlikləri çərçivəsində çıxış edən Muğam üçlüyü və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında ölkəmizin milli folklor nümunələri şəhərin sakinlərində və qonaqlarında böyük maraq doğurub.