Belçika Fransa ilə oyundan imtina edib

2 Dekabr 2019 16:40 (UTC+04:00)

Futbol üzrə Fransa millisi AVRO-2020-yə hazırlıq çərçivəsində yoldaşlıq oyunları üçün rəqib tapmaqda çətinliklə üzləşib. SİA-nın məlumatına görə, artıq bir neçə komanda fransızlarla qarşılaşmaqdan imtina edib. Onlardan biri də Belçika yığması olub. Bu kollektivlər arasında gələn ilin martında yoldaşlıq matçının keçirilməsi barədə ilkin razılıq əldə olunsa da, belçikalılar fikirlərini dəyişiblər.

Müvafiq qərarı baş məşqçi Roberto Martines qəbul edib. Onun fikrincə, Avropa çemionatı ərəfəsində məğlub olmaq komandanın əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər. İmtinaya digər səbəb kimi Belçikanın yeniləcəyi təqdirdə FIFA reytinqində liderliyini itirmək qorxusudur.

Belçika seçmə mərhələdə 10 oyundan 30 xal toplayaraq 100 faizlik nəticə ilə AVRO-2020-yə vəsiqə qazanıb. Martinesin rəhbərlik etdiyi kollektiv Avropa çempionatında Danimarka, Finlandiya və Rusiya ilə birgə B qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Belçika 1765 xalla FIFA reytinqində liderdir. Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sıradadır.