Kitabxanada özbək şairlərlə görüş keçirilib

2 Dekabr 2019 16:38 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında “Mirvarid Dilbazi Məclisi” ilə birlikdə Özbəkistan Yazıçılar Birliyinin üzvləri, şairələr Oktamay Xaldarova və Gülçöhrə Şahaboddinqızı ilə görüş keçirilib.

Baş İdarədən SIA-ya bildirilib ki, tədbiri filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman açaraq özbək şairələrin yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, onlar Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm xidmətlər göstərib, Xocalı soyqırımına aid əsər yazıb, həmçinin Xalq yazıçısı Anarın, Xalq şairi Nəbi Xəzrinin və digər yazarlarımızın əsərlərini özbək dilinə tərcümə ediblər.

Sonra şairələr Oktamay Xaldarova və Gülçöhrə Şahaboddinqızı həm özbək, həm də Azərbaycan dilində şeirlər oxuyublar, yaradıcılıqları haqqında məlumat veriblər.

Sonda çıxış edənlər Özbəkistandan gələn şairələrə yaradıcılıqlarında uğurlar arzulayıblar.