BSU-da Cəlil Məmmədquluzadənin 150 illik yubleyi qeyd olunub

2 Dekabr 2019 16:26 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubleyi ilə əlaqədar olaraq respublikamızda müxtəlif tədbirlər keçirilir. Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin və pedaqoji fakültəsinin pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə universitetdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan pedaqogika və psixologiya kafedrasının müəllimi Səbinə Cəfərova çıxışında C.Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığını və bütöv bir ədəbi məktəb formalaşdıran qüdrətli şəxsiyyət olduğunu qeyd edib. S. Cəfərova vurğulayıb ki, Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir.
Tədbirdə tələbələrin ifasında Cəlil Məmmədquluzadənin və Həmidə xanımın məktubları əsasında hazırlanan səhnə nümayiş olunub.
Sonra Azərbaycan filologiyası fakültəsinin tələbələrinin məruzələri dinlənilib, eləcə də, fakültəsinin dekan müavini Yaqut Baxışova çıxışında tədbirin tələbələrin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb.
Sonda tədbirdə fəal iştirak edən tələbələrə təşəkkürnamə təqdim olunub.

Zümrüd BAYRAMOVA