Bakıda Eksperimental Teatr Festivalına start verilib FOTOLAR

2 Dekabr 2019 16:02 (UTC+04:00)

Azərbaycan Teatr Xadimləri İttifaqında üçüncü Eksperimental Teatr Festivalının açılışı olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, festival Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Açılışdan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Artıq üçüncü dəfədir ki, keçirilən festival çərçivəsində 18 tamaşanın nümayiş ediləcəyini deyən A. Nemətov bildirib ki, festivalda yalnız gənc aktyorlara meydan verilib: “Biz 10 ilə yaxındır ki, gənclərlə işi davam etdiririk. Düşünürük ki, daha istedadli, bacarıqlı sənət adamları önə çıxsın. Biz təqdim olunan tamaşalar vasitəsilə öz istedadlarını göstərən gənclərin sonraki vaxtlarda imkanlarını daha genişləndirəcəyik. Bu festivalda hər gün iki tamaşa nümayiş olunacaq. Səhnə əsərləri saat 14:00 və 17:00 da teatrsevərlərin ixtiyarına veriləcək. Builki festivalın açılışını Gəncə Dövlət Kukla Teatrının “Düymcik” tamaşası ilə başlayırıq. İştirak edən hər kəsə uğurlar arzulayıram”.

Sonra festival açıq elan olunub.

Rejissor Şamil Məmmədlinin quruluş verdiyi “Düyməcik” tamaşasında rolları Səməd Xanməmmədov, Nərmin Şərifova və Nahidə Namazova ifa ediblər.