Səfir: "Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

22 Noyabr 2019 19:19 (UTC+04:00)

"Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır." Bu sözləri jurnalistlərə müsahibəsində Tərtərdə Resurs və Təlim Mərkəzinin açılışında iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

"ATƏT-in Minsk qrupu çərçivəsində hər iki ölkə arasında danışıqlar gedir. Biz münaqişənin sülh yolu ilə həllində ATƏT-in həmsədrlərinin səylərini dəstəkləyirik. Amma bu vaxt ərzində də münaqişədən əziyyət çəkən insanlara kömək etmək istəyirik. Biz Təlim Resurs mərkəzlərini məcburi köçkün icmalarda açırıq. Çünki onlar münaqişədən daha çox əziyyət çəkiblər. Britaniya hökuməti Azərbaycanın inkişafına öz dəstəyini verir", - deyə səfir Ceyms Şarp bildirib.