Yanlış informasiyaları sosial şəbəkələrdə yayanların çoxu işdən çıxarılanlardır

22 Noyabr 2019 16:32 (UTC+04:00)

Aqrobağların salınması ilə bağlı görülən işlərə kölgə salmaq məqsədi ilə sosial şəbəkələrdə düzgün olmayan informasiyalar yayılır. SİA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, belə məlumatları sosial şəbəkələrdə paylaşanların əksəriyyəti vaxtilə meşə müəssisələrində işləmiş, amma sonradan işdən çıxarılan şəxslərdir. "Bu məlumatlar onların təxəyyülünün məhsuludur. Ömründə bir ağac əkməyən bu şəxslər özlərini təbiət cəfakeşi kimi təqdim etmək istəyirlərsə də, hər kəs onları yaxşı tanıyır. Nazirlik olaraq şikayəti olan hər kəsi dinləməyə hazırıq", deyə nazir müavini bildirib.

Aqrobağların salınması ilə bağlı işlərdən danışan F.Əliyev əlavə olaraq məlumat verib ki, 2017-ci ildə Meşə Məcəlləsinə dəyişiklik edilənə qədər meşələr 10 il müddətinə sahibkarlara icarəyə verilirdisə, artıq 2017-ci ildə edilən dəyişikliklər isə meşələrin daha uzun müddətə icarəyə verilməsini nəzərdə tutur.

"Elə ağaclar var ki, onlar məhsul verməyə 5-6 ildən sonra başlayır. Sahibkar üçün belə olan halda meşəni icarəyə götürmək maraqlı deyildi. Çünki, bu işə sahibkar milyonlarla manat vəsait sərf edirdi. Ona görə də icarə müddəti uzadıldı. Sahibkarlara artıq meşə ilə örtülü olmayan ərazilər də icarəyə verilir. Orada yerli şəraitə uyğun ağacların əkilməsi ilə aqrobağ salınır. Bu, Azərbaycanda həm məhsul bolluğunun yaranmasına, həm də əlavə iş yerlərinin yaranmasına səbəb olur. Bunun nəyi pisdir ki!", deyə nazir müavini Firdovsi Əliyev vurğulayıb.