“Münaqişəsinin həllində qeyri-müəyyənlik yaradan hansı ölkələrdir” RƏY-ÖZƏL

21 Noyabr 2019 16:26 (UTC+04:00)

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qeyri-müəyyənlik yaradan əslində ATƏT-in Minsk Qrupunun üzvi olan ölkələrdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, həmsədr ölkə rəsmilərinin bəzi açıqlamaları bilavasitə münaqişənin həllinin uzanmasına xidmət edir: "Yəni vasitəçi ölkənin nümayəndələri xüsusilə də xarici işlər naziri səviyyəsində bu cür bəyanatlar vermək heç də münaqişənin həllinə yardım göstərmir. Əksinə bu problemin uzanmasına xidmət edir. Çünki vasitəçi ölkələr üzərilərinə götürdükləri öhdəliklərə uyğun olaraq münaqişənin həll olunması üçün kifayət qədər bu məsələyə ciddi yanaşmalıdırlar. Yəni burada işğalçı bəllidir, işğala məruz qalan ölkə də məlumdur. Azərbaycanın bir milyon iki yüz mindən çox qaçqın və köçkün hələ də öz yurduna qayıda bilmir. Sanki bunlar, Azərbaycanın yaşadığı problemləri göz ardına alırlar, görmək istəmirlər. Yəni bu qədər göz ardına almaq və məsələni hər dəfə ertələmək növbəti ilə saxlamaq və bunların hamısında əsas vasitəçi rol aparmaqla münaqişənin həllinə nail olmaq olmaz. Bütün bunlar onu deməyə əsas verir ki bəyanatlar, açıqlamalar məqsədli şəkildə həyata keçirilir. Azərbaycan güclü və qüdrətli ölkə olaraq bu məsələdə artıq öz dirənişini göstərməlidir. Ölkə Prezidenti İlham Əliyev çıxışlarında, bəyanatlarında bu məsələnin heç bir şərt olmadan qeyri-şərtsiz həllinin tapılmasının vacibliyini bildirib. Artıq Azərbaycanında səbir kasasının həddi olduğunu vasitəçilər fərqinə varmalıdırlar".