Paşinyan təklənir – siyasi güclər onu dalana dirəyiblər ANALİTİK

21 Noyabr 2019 12:37 (UTC+04:00)

Qarabağ klanı Ermənistanın siyasi müxalifəti ilə bir araya gəlir

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi arenada təklənməsi prosesi get-gedə güclənir və bunun əsas səbəblərindən biri də baş nazirin verdiyi vədlərini yerinə yetirməməsi, boş-boş bəyanatlar səsləndirməsi, eləcə də erməni xalqının günbəgün artan narazılığıdır. Artıq Ermənistanın bir sıra ictimai-siyasi birlikləri, tanınmış siyasiləri və digər şəxslər anti-Paşinyan hərəkatına start verməklə, onun qısa zamanda öz postunu tərk etməsi üçün var gücləri ilə çalışırlar. Belə ki, onlar bunu ölkənin və xalqın təhlükəsizliyi ilə əlaqələndirirlər.

Başqa tərəfdən, hazırda Qarabağ klanı ciddi şəkildə bu prosesə qoşularaq, Nikolun devrilməsi istiqaməində müxtəlif gizlin, ya da açıq planlar hazırlayır. Əbəs deyil ki, bu yaxınlarda Ermənistan Xüsusi İstintaq Xidməti qondarma Qarabağ rejiminin milli təhlükəsizlik şurasının keçmiş katibi, general-mayor Vitali Balasanyanı istintaqa dəvət edib. Bunun üçün İstintaq Xidməti qondarma rejimin “prokurorluq” orqanlarına müraciət edib. Daha dəqiq desək, 10 nəfərin ölümü ilə nəticələnən 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işində şahid kimi ifadə verməli olan Balasanyan 2 dəfə istintaqın dəvətini qəbul etməyib. Amma onun Paşinyan hakimiyyətinə qarşı son vaxtlar etdiyi sərt çıxışlar rəsmi Yerevanda narahatlıqla qarşıalnıb. Belə ki, 2020-ci ildə işğal alıtndakı torpaqlarda keçirilməli olan “prezident seçkilərin”nə namizədliyini irəli sürən Balasanyan “Qarabağ klanı”nın əksər üzvlərinin açıq demədiyi etirazları dilə gətirir.

Vitali Balasanyan: “Nikol Paşinyan və bu terrorçu qruplaşma bir-birinin tayıdır”

Onun Nikol Paşinyan və radikal “Ssana Tsrer” qruplaşması barədə sərt çxışı işə ölkə cəmiyyətində böyük əks-səda doğurmuşdu. “Nikol Paşinyan və bu terrorçu qruplaşma bir-birinin tayıdır. Biri silahla, digəri isə hakimiyyəti ələ keçirməklə məşğuldur. Qoy Nikol Paşinyanın tərəfdarları bizi eşitsin və addım atsınlar”, deyə o tələb irəli sürüb.

Balasanyanın həbsdə saxlanılan eks-prezident Robert Koçaryanın xeyrinə öz ofisi qarşısında imza toplama kampaniyasına başlaması da Paşinyanın qəzəbinə səbəb olmuşdu. Faktiki olaraq, bu gün Ermənistandakı siyasi qüvvələrlə iş birliyinə girən Qarabağ klanı açıq-aşkar qiyam və inqilaba hazırlaşdığını ortaya qoymaqdadır.

Mikael Minasyan: “İnqilabımız başladı!”

“Populizm və diktatura daha yaxşı həyat təmin etmir və edə bilməz. Populizm diktaturası ölkənin təhlükəsizliyinə və vətəndaşların rifahına zəmanət vermir”. Bu fikirləri isə, bir müddət əvvəl Ermənistanın Vatikanda və Portuqaliyadakı keçmiş səfiri Mikael Minasyan bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistanda hakimiyyətdə olanlar dünən ağızları köpüklənə-köpüklənə irəlidə hər şeyin daha yaxşı, sadəcə gözəl olacağını bildirirdilərsə, bu gün eyni təzyiqlə hər şeyin bir neçə il əvvəlkindən daha pis olmadığını sübut etməyə çalışırlar. Bir müddət sonra isə hər şeyin o qədər də pis olmadığını eyni həvəslə sübut edəcəklər. Kütləvi hipnoz tədricən hakimiyyətin yeganə istiqamətinə çevrilir. Sabiq səfirin sözlərinə görə, inanılmaz sürətlə yeni bir trend, yeni hərəkat gəlir - "Aykakan Jamank ölkəsinə son”.
"Əgər biz birlikdə yaxınlaşan fəlakətin gerçəkliyini tam dərk ediriksə, özümüzü ölkəmizin və gələcəyimizin sahibi sayırıqsa, “Aykakan Jamanak ölkəsinə son" hərəkatına qoşulmağa hazırıqsa, deməli, nə etdiyimizi bilirik. İnqilabımız başladı! Buna görə nə etməliyik?
Əslində, sağlam düşüncəli bir insanın sülh içində yaşamaq, problemlərini həll etmək, uşaqların tərbiyəsi haqqında düşünmək, hədəflər qoymaq, gələn ay, il və ya gələcək üçün öz işlərini planlaşdırmaq istəyi aydındır. Bu gün ətrafındakı çılğın, dəli insanlar, sağlam olmayan və bitməyən səs-küylə bunu etmək mümkün deyil.
Amma hər şey öz əlinizdədir. Danışın və yeni bir cərəyanın, yeni bir hərəkatın bir hissəsi olun! İş yerində danışın, dostlarınızı ziyarət edərkən və ya söhbət edərkən həyətdə danışın. Bu, inqilaba çağırış deyil. Bu, ölkəni xilas etməyin yoludur. Nə qədər çox olsaq, sabahkı fəlakətin ölçüsü də, o qədər kiçik olar. Buna görə də hərəkət etmək lazımdır. Elə indi, gecikmədən", - deyə sabiq erməni səfir vurğulayıb.

Hər birinin eyni aqibəti yaşayacağı anonsu...

Minasyan əlavə edib ki, proses artıq başlayıb: "Ana dilimiz və tariximiz adına parlaq bir gənclik İrəvanın mərkəzindəki küçələrə çıxdı. Parisdə hadisələrin mahiyyətini yetərincə dərk edən soydaşlarımız etiraz səslərini qaldırırlar. Artıq bir çox başqa proseslər başlayıb. Onlara qoşulun və ya yenilərini yaradın. Yeganə səhv hərəkətsizlikdir”.

Beləliklə, fakt budur ki, Ermənistanda qiyam ab-havası əsir və bütün qüvvələr bilavasitə anti-Paşinyan fəaliyyətinə köklənib. Bütün bunlar isə, əslində işğalçı rejimin rəhbərliyinə kimliyindən asılı olmayaraq gələnlərin hər birinin eyni aqibət yaşayacağı anonsudur.

Rövşən RƏSULOV