“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində növbəti sərgi FOTOLAR

21 Noyabr 2019 10:27 (UTC+04:00)

Azərbaycan Rəssamlar İttifaqında “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində növbəti sərgi təşkil olub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin əhəmiyyətindən danışıb.

Bildirib ki, sərgidə Azərbaycanla yanaşı, Yaponiya, Norveç və İspaniya fırça ustalarının əsərləri nümayiş edilir. Bu gün burada azərbaycanlı rəssamlar Nazim Şah və Tərlan Qorçunun əsərləri ilə yanaşı, yaponiyalı rəssam Şo Heseqavanın, norveçli fırça ustası Eli Qladerin və ispaniyalı sənətkar Teresa Puiq-Pastorun bir-birindən maraqlı əsərləri yer alıb. Sərginin yaddaqalan məqamlarından biri də Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış fotoqraf Yuri Varnovskinin “kinematoqrafiyamız pərdə arxasında” silsiləsidir. İnanıram ki, onun Azərbaycan filmlərinin çəkiliş meydanlarında lentə aldığı fotoşəkillər hər bir iştirakçının marağına səbəb olacaq.

Tədbirdə çıxış edən fırça ustaları sərginin təşkilini yüksək qiymətləndiriblər və bu işdə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, noyabrın 25-dək davam edəcək Biennalenin təşkilatçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.