“Haqq mənəm” tamaşasının premyerası olub

21 Noyabr 2019 10:23 (UTC+04:00)

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. SİA-nın məlumatına görə, tamaşanın nümayişindən əvvəl Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb: “İctimai Birliyin layihəsi “İmadəddin Nəsiminin 650 illiyinə “Haqq mənəm” adlı tamaşa” adlanır. Bu layihəyə uyğun olaraq İrəvan teatrı “Haqq mənəm” tamaşasının premyerasını təqdim edir. Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə “Nəsimi ili” çərçivəsində ölkəmizdə və ölkədən kənarda həyata keçirilən bir-birindən maraqlı tədbirlər sırasında teatrımızın xalqımıza layiqli sənət töhfəsi olacaq”.

Sonra “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva çıxış edərək qeyd edib ki, İrəvan teatrının kollektivi bütün fəaliyyəti dövründə vətənpərvərlik missiyası ilə Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanla xidmət edib.

Sonra “Haqq mənəm” tamaşası nümayiş olunub. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Tamaşada Nəsimi obrazını Natiq Həziyev, Əmir Teymur rolunu Əməkdar artist Rəşid Rzayev canlandırıb.

Qeyd edək ki, Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır. Haqq nədir? Nəsimi haqqı hər yerdə, Allahda, onun yaratdıqlarında, hər qəlbdə, hər əməldə axtarır. Tapa bilirmi? Bu sualın cavabı sirdir. Dünyanın özü kimi. Nəsimi dühası cahana sığmayan uca haqqın özüdür.