Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib

20 Noyabr 2019 22:03 (UTC+04:00)

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının təsis edilməsinin 100 illiyi münasibətilə Ankaradakı Hacı Bayram Vəli Universitetində (HBVU) konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi və HBVU tərəfindən təşkil olunan konfransda diplomatlar, sözügedən ali təhsil ocağının tələbələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Konfransda diplomatik xidmət orqanlarının tarixi və müasir vəziyyəti, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə ümumi məlumat verilib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim çıxış edərək tədbirin mahiyyətindən danışıb. Sonra Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və HBVU-nun Asiya İşləri üzrə Araşdırmalar Mərkəzinin müdiri Varis Çakanın çıxış ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının, eləcə də diplomatik xidmət orqanlarımızın təsis olunmasının tarixi barədə müfəssəl məlumat verən səfir V.Quliyev diqqətə çatdırıb ki, müstəqilliyi qazanmaq, uzun illər sonra onu bərpa etmək və qorumaq xalqımıza asan başa gəlməyib. Azadlığımızı qazanmaq üçün xalqımızın taleyinə soyqırımlar və ağır faciələr yazılıb. Azərbaycana qarşı olan böyük güclər uzun illər ermənilərdən alət kimi istifadə ediblər və bu proses davam etməkdədir.

Professor V.Çakan türk xalqlarının dövlətçilik tarixi, milli azadlıq mübarizəsi, o cümlədən Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı şərəfli mübarizədən danışıb. Diqqətə çatdırıb ki, ermənilər XX əsrin əvvəllərindən Azərbaycan xalqına qarşı başladıqları xəyanətlərini ötən əsrin sonlarında daha da genişləndirərək ağır soyqırımlar törədiblər.

Konfrans çərçivəsində Varis Çakanın sədrliyi ilə “Ermənilərin türklərə qarşı siyasətlərinin müasir dövrdəki əksi: Azərbaycan torpaqlarının 27 il işğalda saxlanılması” mövzusunda panel keçirilib. Paneldə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) idarə heyətinin sədri Fərid Şəfiyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin (ADQBA) İdarə Heyətinin sədri Tural Gəncəliyev və professor Kamal Çiçək çıxış ediblər.

Çıxışlarda Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı vəziyyətindən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələrindən bəhs olunub. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan ərazisinin 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılır. İşğalçı tərəf Dağlıq Qarabağ və ətraf yeddi rayonun təbii sərvətlərinə, tarixi abidələrinə, müqəddəs yerlərinə qarşı əsl soyqırımı həyata keçirir. Çıxışlarda, həmçinin saxta “erməni soyqırımı” mövzusuna da toxunulub. Qeyd olunub ki, saxta “erməni soyqırımı” adı altında Türkiyəyə təzyiq edən qüvvələr Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli olsalar, Xocalı soyqırımını tanısalar daha yaxşı olar.

Çıxışlarda, həmçinin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bütün türk-İslam dünyası üçün tarixi əhəmiyyətindən bəhs olunub. Dağlıq Qarabağ münaqişəsi və saxta “erməni soyqırımı” mövzularında fəal olmaq üçün tələbələrə çağırış edilib. Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi ilə Dağlıq Qarabağla bağlı çəkilmiş film nümayiş olunub.