Miqrant alverçilərini 10 il həbs gözləyir! FAKT

20 Noyabr 2019 13:52 (UTC+04:00)

Almaniyalı prokuror: “Hazırda onlar müvafiq həbsxanalara köçürülüb”

Məlum olduğu kimi, Almaniya Federal Polisi azərbaycanlı siyasi mühacirlər- Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev və müxalifət partiyası olan Müsavatın Xarici Mərkəzinin lideri Mehdi Xəlilbəylinin qanunsuz ticarətdə və gizli əməliyyatlarda, eləcə də sənədlərin saxtalaşdırılmasında və çirkli pulların yuyulmasında iştirakçı olmaları şübhəsi ilə xüsusi araşdırma aparır. Onu da qeyd edək ki, Frankfurt-Mayn Federal Polisinin Kriminal İdarəsi Koblenz prokurorluğunun sorğusu üzrə on üç obyektdə yoxlamalar keçirib. Araşdırmalar Köln, Frankfurt, Visbaden və Düsseldorfda da həyata keçirilib. Almaniya polisi Əlövsət Əliyev və Mehdi Xəlilbəyliyə məxsus mənzillərdə və ticarət obyektlərində axtarış aparıb. Bu şəxslərdən əlavə daha altı siyasi mühacirlə bağlı da istintaq aparılır. Lakin Ə.Əliyev və M.Xəlilbəyli barəsində həbs qətimkan tədbiri seçilib.

Federal Polisin Kriminal İdarəsi 2019-cu ilin iyunundan bəri Koblenz prokurorunun tələbi ilə araşdırma aparır

O cümlədən, Frankfurt-Mayn Federal Polisinin Kriminal İdarəsindən bildiriblər ki, Almaniya hüquq-mühafizə orqanlarının ehtimalına görə, 49 yaşlı M.Xəlilbəyli mütəşəkkil cinayətkar qrup olduğu güman edilən dəstənin başçısı ola bilər. Hazırda səkkiz əcnəbi barəsində kommersiya və qanunsuz qaçaqmalçılıq, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması şübhəsi ilə bağlı ilkin istintaq aparılır. Onlar ən azı 20 nəfərin Azərbaycandan 3000 ilə 10.000 avro arasında pul qarşılığında Almaniyaya daşınmasında ittiham olunurlar. Cinayətkar qrup, qeyri-qanuni mühacirlərə Almaniyada uzun müddət qalmaları üçün mütəşəkkil şəkildə saxta sənədlər təqdim edib. Federal Polisin bu əməliyyatlarda iştirak edən 180 əməkdaşı xeyli sübutlar- xüsusən də noutbuk və smartfonlar kimi müxtəlif məlumat saxlama vasitələri, ayrı-ayrı sənədlər, şəxsiyyət vəsiqələri və təqribən 21 min avro məbləğində nağd pul əldə edə biliblər. Federal Polisin Kriminal İdarəsi 2019-cu ilin iyunundan bəri Koblenz prokurorunun tələbi ilə araşdırma aparır.

Torsten Kahl: “Şəxslər, digər Azərbaycan vətəndaşları kimi, əcnəbilərin ticarəti və qrup qaçaqmalçılığında, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında ittiham olunurlar”

SİA xəbər verir ki, jurnalistlər Eynulla Fətullayev və Tomas Pilz sözügedən məsələ ilə bağlı Koblenz prokuroru Torsten Kahldan müsahibə alaraq, onu ictimailəşdiriblər. Prokuror verilən sualları cavablandırarkən deyib ki, artıq şəxslərlə bağlı ilkin istintaqa başlanılıb. “İttihamlar təqsirləndirilən şəxslərə təqdim olunan əməliyyat-axtarış sübutlarına əsaslanır”, deyə qeyd edən alman prokuror əlavə edib ki, hələlik bu işlə əlaqədar heç bir Azərbaycan vətəndaşı deportasiya olunmayıb: “Göstərdiyiniz şəxslər, digər Azərbaycan vətəndaşları kimi, əcnəbilərin ticarəti və qrup qaçaqmalçılığında, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında ittiham olunurlar. İki nəfər rəsmi qərar əsasında həbs edilib. Hazırda onlar müvafiq həbsxanalara köçürülüb”.

Torsten Kahl onu da bildirib ki, yekun qərar təqdim edildiyi təqdirdə təqsirləndirilən şəxslər Koblenz Regional Məhkəməsi qarşısında duracaqlar. “Almaniya qanunlarına görə, sahə məhkəmələri, cəzasının dörd ildən çox olmadığı və ya psixiatrik klinikaya yerləşdirilməsi ilə bağlı cinayət işlərinə baxa bilərlər. İndiki halda söhbət 5 ildən 10 ilə qədər həbs cəzasından gedir”, deyə alman prokuror miqrant alveri və saxta sənədlərin düzəldilməsi ittihamı ilə həbs edilən şəxslər barədə verdiyi müsahibəsində bildirib.

Rövşən NURƏDDİNOĞLU