"YAP Azərbaycanın siyasi partiyasının əsas güc mərkəzinə çevrilib" RƏY-ÖZƏL

20 Noyabr 2019 11:14 (UTC+04:00)

“Yeni Azərbaycan Partiyası (YAP) 27 ildə şərəfli, inkişaf yolu keçmiş ən nüfuzlu Azərbaycanın siyasi partiyasının əsas güc mərkəzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin ideyaları, qətiyyəti və uzaqgörənliyi ilə yaradılan YAP ölkəmizin ictimai-siyasi həyatına daxil olması ilə Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcını qoyub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, Ulu öndərin sədrliyi ilə YAP qısa müddətdə güclü monolit və mütəşəkkil siyasi qüvvəyə çevrilib: “Azərbaycan xalqının çoxsaylı müraciətləri və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lider ölkəni vətəndaş müharibəsindən xilas etdi. Ölkədə baş verən hərmərcliklər və özbaşnalıqlara son qoydu. İnkişaf proqramı hazırlandı və görülən işlər, atılan addımlar nəticəsində Azərbaycan inkişaf etdi”.

E.Səlimov söyləyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf mərhələsindədir: “Ulu öndərin müəyyənləşdirdiyi kurs uğurla davam etdirilir. YAP-ın Ulu öndərin yaratdığı partiya olduğunu, ölkəmizin ictimai-siyasi həyatdakı rolunu və Prezidentimizin sədrliyi və nüfuzunu görən hər bir Azərbaycan vətəndaşı partiya sıralarına üzv olur. Bunların arasında gənclərin axını daha çoxdur. Ulu öndər tərəfindən gənclər həmişə yüksək qayğı ilə əhatə olunublar. Bu gün də gənclərin lideri Prezident İlham Əliyev gənclərə böyük diqqət və qayğı göstərir. Bu, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətində də özünü biruzə verir”.

YAP üzvlərinin sayının 750 mini ötdüyünü deyən deputat qeyd edib ki, bu, partiyaya axınının gündən-günə çoxaldığını göstərir: “YAP ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməklə ölkənin inkişafına da öz töhfəsini verməkdədir. Gənclərə etibar edilir, etimad göstərilir. Gənclərimiz də bütün sahələrdə onlara göstərilən etimadı doğruldur. YAP sıralarındakı monolitliyi, möhtəşəmliyi, nüfuzu görürlər. Partiyanın sədri Cənab İlham Əliyevə inanırlar, etibar edirlər”.