AGF bu il də çox maraqlı və gözoxşayan Yeni il şousuna hazırlaşır

20 Noyabr 2019 09:35 (UTC+04:00)

Azərbaycan Gimnastika Federasiyası (AGF) həmişə olduğu kimi bu il də tamaşaçılara çox maraqlı və gözoxşayan bir Yeni il şousu vəd edir. Artıq hər kəsin səbirsizliklə gözlədiyi bu şou “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” adlanır.

SİA-nın məlumatına görə, şounun süjet xəttinin əsasını Tarik və dostlarının sehrbazlıq biliklərinə yiyələnməsi, macəra axtarışında sehrli idman aləminə səyahəti və ən böyük ovsunun elə dostluğun gücü olması təşkil edir.

Gimnastika növləri üzrə yığma komandalarımızın üzvlərinin canlandıracağı hekayədə əsas qəhrəman Tarik Gimmasterin həyatı o, sehr və çevikliyi öyrənmək üçün Sehrli Gimnastika Arenasına qəbul edildiyi zaman tamamilə dəyişir. Tarik və onun Arenada tanış olduğu etibarlı dostları Həmidə və Rauf sehrli idman dünyasında inanılmaz və ecazkar macəralar aləminə səyahətə çıxırlar. Onları müxtəlif gimnastika növlərində maraqlı sərgüzəştlər və şən sehrbazlıq dərsləri gözləyir. Sonda isə onlar anlayacaqlar ki, idmanda ən qüvvətli sehrbazlığın gücü – dostluğun gücüdür.

Əsrarəngiz dekorasiyalar, bir-birini əvəz edəcək xoş musiqilər və şou iştirakçılarının çox maraqlı nümayişləri tamaşaçıları Tarik Gimmasterin sehr və ovsun dolu aləminə səyahət etdirəcək.

“Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” şousu dekabrın 24-də Milli Gimnastika Arenasında keçiriləcək.

Şouya biletləri arenanın kassasından və onlayn (https://ticketing.mga.az/az/competition/76/#/buyticket) əldə etmək mümkündür. Biletlərin qiyməti 15, 20, 25 və 30 manat təşkil edir.