BSU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19 Noyabr 2019 17:44 (UTC+04:00)

Bu gün Bakı Slavyan Universitetində Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi İli"nə həsr olunmuş "Çün Nəsimi əyyamın sultanıdır, Dövr onun, dövran onun dövranıdır!" adlı geniş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Təhsil nazirinin müavini Firudin Qurbanov, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Təhsil eksperti, professor Şahlar Əsgərov, Xalq artisti Rasim Balayev, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, media strukturlarının rəhbərləri iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar universitetin foyesində Tusi Tərtibat və Dizayn Mərkəzi tərəfindən təşkil edilmiş "Nəsimi-650" adlı sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin noyabrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi məqsədilə Sərəncam imzalayıb: "İ.Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir".

Professor N.Əliyeva vurğulayıb ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli Lider Heydər Əliyevin adı ilə, bilavasitə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən, Nəsimi irsinin və bütövlükdə, klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Rəhim Əliyev çıxışında qüdrətli söz ustadı, böyük mütəfəkkir Nəsiminin həyat və yaradıcılığı, eləcə də, hürufilik fəlsəfi təliminin mahiyyəti haqqında ətraflı məlumat verib.

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxışında azadlıq ideyalarının Nəsimi yaradıcılığında öz geniş əksini tapdığını qeyd edib.

Xalq artisti Rasim Balayev Nəsimi yaradıcılığına verilən yüksək qiymətə və tədbirin yüksək səviyyədə keçirilməsinə görə, BSU-nun rəhbərliyinə təşəkkür edib, universitetin kollektivinə uğurlar arzulayıb.

Sonra tədbir bədii-musiqili hissə ilə davam etdirilib. Bədii-musiqili hissədə Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusifin İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı musiqili kompozisiyasının videosu təqdim edilib. "Dərviş qrupu"nun solisti Zeynal Əhmədovun ifasında "Bayatı-Şiraz" muğamı səslənib. Ümid Abbaszadənin rejissorluğu ilə BSU-nun tələbələrinin hazırladıqları "Nəsimi və bəşəriyyət" adlı bədii kompozisiya nümayiş olunub. BSU-nun xoreoqrafı Əli Natiqoğlunun hazırladığı Nəsimiyə həsr olunmuş pantomim rəqsi "Arzu" rəqs ansamblı və "Dərviş qrupu" tərəfindən ifa edilib.

ZÜMRÜD BAYRAMOVA