Miqrant məsələsi ilə bağlı Almaniya hökumətinin əlində ciddi sübutlar var

19 Noyabr 2019 13:54 (UTC+04:00)

"Açığını deyim ki, miqrant alveri, insan alveri bu kimi ifadələr ümumiyyətlə, hüquqi çəkisi ağır olan məfhumlardır və burada hələ açıq-aşkar müvafiq orqanların hər hansı bir ittihamı yoxdur. Artıq həbs olunan insanlarla bağlı bu kimi ifadələr işlədilib". Bunu SİA-ya açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

A.Allahverənov qeyd edib ki, gəlin görək ümumiyyətlə, nə baş verir: “Söhbət ondan gedir ki, Azərbaycanda müəyyən qisim insanlar var ki, onlar xarici ölkələrə üz tutublar. Əksər hallarda daha yaxşı həyat axtarışında olanlar və bu səbəblərdən xarici ölkəyə miqrasiya ediblər. Təbii ki, miqrasiyanın müxtəlif yolları var. Kimisi gedib orada Azərbaycandakı siyasi fəaliyyətinə görə təqib olunduğunu qələmə verməyə çalışır, kimisi hər hansi bir sosial, etnik qrupa mənsub olduğunu bildirir. Elə şəxslər də var ki, Davudovlar ailəsində olduğu kimi. Bu yaxınlarda bir hadisə baş vermişdi, guya, millətlərarası ədavət var, buna görə də həyatlarına təhlükələr varmış kimi müxtəlif səbəblər dilə gətirərək siyasi sığınaq istəyiblər”.

QHT sədri bildirib ki, istisna deyil ki, bu insanların arasında həqiqətən də bu kimi səbəblərin qurbanları olan insanlar var: “Xüsusən də siyasi baxışlarına görə xarici ölkəyə üz tutanlar arasında. Amma əksər hallarda bu kimi bəhanələri dillərinə gətirirlər ki, sonradan xarici ölkələrdə qaçqın statusu alsınlar. Belə demək olar ki, ən rahat yol xaricdə qaçqın statusu almaqdır. Təbii ki, əksər ailələrdə apardığımız sorğular zamanı müəyyən etmişik ki, çox vaxt burada iqtisadi çətinliklər, işsizlik və digər səbəbləri dilə gətiriblər. Amma bu səbəblər həmin şəxslərə qaçqın statusu verilməsinə dair Avropa üçün o qədər də yetərli deyil. Bu, bir səbəb olaraq qəbul olunmur. Avropada daha çox qaçqın statusu yuxarıda sadaladığım səbəblərdən və o cümlədən hərbi münaqişələrdən qaçan, özünün və ailəsinin həyatı üçün təhlükə hiss edən şəxslərlə bağlı olur. Belə olduğu təqdirdə Avropa bu məsələyə məhz bu konteksdə yanaşır”.

A.Allahverənov deyib ki, indi Azərbaycandan gedən insanların müəyyən bir qismi bu və ya digər səbəblər gətirirlər. “Bəzi hallarda bu səbəblər əsaslı, bəzi hallarda əsassız olur. Əsassız səbəblər gətirən şəxslər təbii ki, çalışırlar müxtəlif yollarla bir növ əsaslı etsinlər. Çünki yadınızdadırsa, elə həmin bu hadisələr fonunda saxta sənəd düzəltmək, hansısa siyasi partiyaya üzv olmaq kimi məsələlər gündəmə gəldi. Bəlli məsələdir ki, Almaniya va digər Avropa ölkələrində oraya üz tutan şəxslər üçün hər hansı yardım göstərən qurumlar var. Bu özəl şirkətlər, vəkillər və ya hansısa bir vasitəçilər ola bilər. İstənilən halda həmin qurumlar Avropaya üz tutan şəxslərə hüquqi yardımlar göstərilməsi işlərini yerinə yetirirlər, müvafiq qaydada ilk əvvəl o sənədlərin toplanılması və digər proseslər aparılır. Almaniyada həyata keçirilən son əməliyyatda ələ keçirilən insanlarla bağlı əsas iddia bu kimi sənədlərin düzəldiməsində şübhəli bilinən şəxslər qeyri-qanuni hərərkətlərə yol veriblər və bu səbəbdən də həbs olunublar”.

Sonda isə o vurğulayıb ki, onlarla bağlı istintaq işi başlayıb. “Bəlli məsələdir ki, Almaniya hökumətinin əlində ciddi sübutlar var bu məsələylə bağlı, çünki eyni vaxtda Almaniyanın bir neçə şəhərində eyni tərzdə əməliyyatlar həyata keçirilib. Bu sadəcə Azərbaycana xidmət göstərən firma və ya vasitəçilərlə deyil, həmçinin Ukraynadan, Gürcüstandan gedən şəxslərə xidmət göstərən vasitəçilərlə də bağlı olub. Artıq Avropa qaçqınlıq məqsədilə oraya gedən insanlarla bağlı xüsusi nəzarətdə saxlayır. Mən düşünürəmki, bütün bu məsələlərlə bağlı məhkəmənin qərarını gözləmək lazımdır. Ən azından burada kimin günahı nədən ibarətdir və nə dərəcədədir məhkəmə yolu ilə müəyyən etmək mümkün olacaq.