Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın açılışı olub

18 Noyabr 2019 16:18 (UTC+04:00)

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın açılışı olub. SİA-nın məlumatına görə, konfrans Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Konfrans çərçivəsində Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazasının təqdimatı keçirilib. Tədbirdə Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistan respublikalarından dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları, eyni zamanda Cəlil Məmmədquluzadə nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak ediblər.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyeton, məqalə və məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edib. Diqqətə çatdırılıb ki, 1994-cü ildə ustad ədibin 125 illik yubileyinin keçirilməsinə, əsərlərinin yenidən nəşr və tədqiqinə ümummilli lider Heydər Əliyevin böyük diqqəti və qayğısı ayrıca xatırladılmalıdır. Ulu öndər Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu deyirdi. Hazırkı tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq keçirildiyini deyən K. Tahirov konfransın işinə uğurlar arzulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin ölkə daxilində və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayıb. Söyləyib ki, Mədəniyyət Nazirliyi dövlət başçısının müvafiq Sərəncamı əsasında ədibin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xal yazıçısı Anar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digərləri çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açıblar, yaradıcılığının elmi-fəlsəfi əhəmiyyətindən bəhs ediblər.