Qanunsuz aksiyalarda iştirakına görə erməni qadına cinayət işi açılıb

18 Noyabr 2019 15:10 (UTC+04:00)

Qanunsuz aksiyalarda dəfələrlə iştirakına görə Moskvadakı yaşlı bir erməni qadına qarşı cinayət işi açılıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Moskva polisi, jurnalist İvan Qolunova dəstək olaraq 12 iyun etiraz aksiyalarında iştirak etdiyinə görə 74 yaşlı təqaüdçü Turana Varjabetyana qarşı inzibati iş açıb.

Məlumatda qeyd olunur ki, təqaüdçü il ərzində bir neçə dəfə icazəsiz hərəkətlərə görə tutulub. Məhz elə buna görə də ona İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 8-ci hissəsi tətbiq edilə bilər. Yəni, yaşlı erməni qadın ya 200 min rubla qədər cərimə oluna, ya da 30 günədək həbs cəzası ala bilər.

Noyabrın 18-də Varjabetyan inzibati protokol tərtib edilməsi üçün polisə çağrılıb, lakin o, bu yaxınlarda diz əməliyyatı keçirdiyini bəhanə gətirərək ortalıqda görünməyib. Qeyd edək ki, Turana Varjabetyan dəfələrlə Moskvadakı qanunsuz etiraz aksiyalarında iştirak edib və keçmişdə polis tərəfindən dəfələrlə saxlanılıb.