Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forumu keçirilib FOTOLAR

18 Noyabr 2019 13:33 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Asossiasiyası (AQSİA) ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr edilmiş “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” adlı II Forumu keçirilib.

Forumun rəsmi açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BMT-nin İnkişaf proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti, AQSİA İdarə heyətinin sədri Səkinə Babayeva iştirak ediblər.

Forumda “Ugurlu qadınların hekayəsi”, “İncəsənətdə sahibkarlığın inkişafı”, “Azərbaycanda Turizm Biznesi - Evdə məşğulluğun inkişafı, “Biznes fəaliyyəti olan qadınlar: üstünlüklər, çətinliklər və imkanlar”, “Azərbaycanda sahibkarlığın təşviqində biznes təhsilinin rolu” və “Bankların qadınlara göstərdiyi dəstək mexanizmləri” adlı panellər üzrə mövzular aparılıb, müzakirələr aparılıb.

Forumda çıxış edən AQSİA İdarə heyətinin sədri Səkinə Babayeva qeyd edib ki, bu kimi Forumlar dünyanın 154 ölkəsində keçirilir və ümumilikdə hazırkı vaxta qədər Qlobal SahiBkarlıq Həftənisə həsr edilmiş 601 tədbir keçirilib. “Belə bir mötəbər tədbirin Azərbaycanda da keçirilməsi ölkəmizdə qadın sahibkarlara verilən dəstəyin növbəti bariz nümunəsidir”, deyə qeyd edən Səkinə Babayeva həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi davamlı dəstək qadın sahibkarların da fəaliyyətində özünü ən yüksək səviyyədə göstərməkdədir.

“Biz də bir assosiasiya olaraq ölkənin iqtisadi inkişafına öz töhfəmizi verməyə çalışırıq”, deyə qeyd edən AQSİA-nın İdarə Heyətinin rəhbəri vurğulayıb ki, qadın sahibkarlığının inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması, qadın sahibkarlığına informasiya dəstəyinin inkişaf etdirilməsi, qadın biznes inkubatorlarının yaradılması, qadın sahibkarların assosiasiyalarının və peşə təşkilatlarının yaradılması kimi işlərin ardıcıl şəkildə həyata keçirilməsi bu istiqamətdəki fəaliyyətə stimul verir.

O, eyni zamanda bildirib ki, son bir ildə regionların iqtisadi, sosial həyatında qadınların rolu xeyli artıb. Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi onlar üçün böyük təkandır.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov isə çıxışında vurğulayıb ki, Azərbaycanda qadın sahibkarlığının inkişafına böyük dəstək göstərilir. O bildirib ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın sahibkarlığının inkişafı istiqamətində gördüyü işlərin nəticəsidir: "Mən artıq neçənci dəfədir ki, qadın sahibkarlığı ilə bağlı toplantıda iştirak edirəm. Azərbaycanda qadın sahibkarlığının daha da inkişaf etdiyinin şahidi oluram.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə həyata keçirilən islahatların mərkəzində insan amili durur. 2019-cu ildə Azərbaycanda 2 mərhələdə böyük islahatlar həyata keçirilib. Minimum əməkhaqları və pensiyalar ciddi şəkildə artırılıb”.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatı imkan verdiyi çərçivədə ölkə Prezidenti ve hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq: "İnsanların rifahının yaxşılaşdırılmasında əsas istiqamətlərdən biri məşğulluğun inkişafıdır. Burada da əsas məsələ ölkədə qadın sahibkarlığının artırılması ilə əlaqədardır. Azərbaycan qadınları bütün sahələrdə kifayət qədər yüksək fəallıq göstərməyə hazırdırlar. İqtisadiyyatın bir çox sahələrində, səhiyyədə, təhsidə qadınlarımızın iştirak səviyyəsi kişilərdən daha yüksəkdir. Qadının ictimai fəallığının artırılması Azərbaycan cəmiyyətinin demokratik potensialının gücləndirilməsinin vacib hissələrindən biridir. İkinci tərəfdən ailələrin təminatının yaxşılaşdırılmasında qadın sahibkarlığının inkişafının rolu böyükdür. Bununla birlikdə qadınlar Azərbaycan iqtisadiyyatına, bütövlükdə ölkənin inkişafına töhfə verirlər".

Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, bütövlükdə mərkəzlər vasitəsilə 6500-dən çox üzvü olan güclü qadın şəbəkəsi yaradılıb: “Qarşımızda dayanan vəzifələrdən biri sahibkar qadınlara yeni bazarlara çıxış imkanlarının yaradılmasıdır”.

Komitə sədri qeyd edib ki, qadın sahibkarlığı sahəsində bir sıra yeniliklər müşahidə edilir: “Azərbaycanda qadın sahibkarların sayı ilbəil artır. Bu isə əhalinin həyat tərzinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılmasına səbəb olur. Qadınların peşə ixtisas kurslarına cəlb edilməsi daha da güclənməldir. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir".

Onun sözlərinə görə, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərində qadın sahibkarların istehsal etdiyi məhsulların nümayişi daha da artırılmalıdır.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə öz növbəsində bildirib ki, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 200 minə yaxındır. Onun sözlərinə görə, onlardan təxminən 33%-i Bakıda, 17%-i Aranda, 16%-i Gəncə-Qazax, 10%-ə yaxını isə Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir.

"Sahibkarlığın maliyyə resurslarına çıxışını təmin etmək məqsədilə yaradılan güzəştli mexanizmlərdən qadın sahibkarlar da yararlanır. Təkcə Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən indiyədək təxminən 4 300-dək sahibkarlıqla məşğul olan qadın yararlanaraq 115 mln. manatdan çox kredit əldə ediblər", deyə N. Səfərov qeyd edib.

Çıxış edən digərləri - Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BMT-nin İnkişaf proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti də öz növbələrində Azərbaycanda bu istiqamətdə aparılan işlərdən, beynəlxalq çərçivədə fəaliyyət istiqamətlərindən, bütövlükdə isə, qadın sahibkarlığının inkişaf və tərəqqisi yönündə əldə edilən nailiyyətlərdən danışaraq, bir sıra əhəmiyyətli məqamlara toxunub, bu kimi işlərin davamlı olacağına əminliklərini bildiriblər.

Forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Asossiasiyasının təqdim etdikləri filmlə davam etdirilib.

Rövşən NURƏDDİNOĞLU