Mirzə Cəlil yaradıcılığının gənc nəslin tərbiyəsində rolu - Müəllif yazısı

16 Noyabr 2019 16:00 (UTC+04:00)

“Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında”Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamda deyilir:”Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş ”Oxunması zəruri olan kitabların Siyahısı”na görkəmli ədibin “Hekayələri” də daxil edilmişdir.

Naxçıvan Qarnizonu tam orta məktəbində də Ali Məclis Sədrinin Sərəncamına uyğun olaraq ”Oxunması zəruri olan kitablar”la bağlı müzakirələr tez-tez keçirilir.

“Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir...

Bu ola gərək qələm sahibinin amalı...”

Ədəbiyyatımızda əbədiyaşarlıq qazanmış sənətkar Mirzə Cəlilin bu qiymətli sözlərinin canlı ifadəsini elə ustad yazıçının öz həyat və yaradıcılığında bütün yönləri ilə görmək mümkündür. Müəllifin istər ən kiçik hekayələrinin, felyetonlarının, məqalələrinin, məktublarının, eləcədə dram əsərlərinin hər sətrində bir işıq görürük - böyük ədibin ürəyinin və sabaha ümidinin işığını. Bu işıq hər birimizə təlqin edir ki, Vətəni sevmək xalqı, milləti sevməkdir, doğma torpağı sevməkdir. Bu ən ali, ən bəşəri, ən ülvi hissdir. Bu kamillikdir, mənəviyyatımızın minillik həqiqətidir.

Zaman-zaman bu hisləri yaşadanlar, bu hisləri yaşayanlar bu gün yaddaşlarda özlərinə yaşamaq hüququ qazanıblar, ürəklərdə təsdiqləniblər.

Mirzə Cəlil şəxsiyyəti, Mirzə Cəlil vətəndaşlığı, Mirzə Cəlil ziyalılığı...

İnanmıram ki, ikinci bir hansısa qələm sahibi öz xalqını, öz miəllətini, öz Vətənini, öz dilini Mirzə Cəlil qədər sevə bilsin. Bu reallıqdır. Professor Cəfər Xəndanın sözlərini xatırlayıram: “Cəlil Məmmədquluzadənin əsərlərində böyük vətənpərvərlik ruhundan doğan bir lirika da vardır. Bu lirika bəzən bir gülüşlə birləşsə də bu gülüş göz yaşları arasından doğan gülüşdür”.

İnanmıram ki, hansısa yazı-pozu adamı Mirzə Cəlil kimi dəlicəsinə sevdiyi xalqın dərdlərini, ağrılarını belə çılpaqlıqla, yanarlılıqla qələmə alsın. Bu da heç bir analoqu olmayan həqiqətdir.

Qələmə aldığı əlyazmalarını sobaya basıb yandıranda Mirzə Cəlilin çəkdiyi ağrılar,əzablar o əsərləri yazarkən çəkdiyindən çox-çox artıq idi.

O əsərlər bu gün özünə əbədilik qazanmış “Ölülər”, “Anamın kitabı”, “Poçt qutusu”, “Qurbanəli bəy”, “Azərbaycan” əsərləri ilə yanaşı, milli ədəbi xəzinəmizi, şübhəsiz ki, daha da zənginləşdirəcəkdi.

Bu gün həmin hissləri yaşamaq nə qədər ağırdısa, ədəbiyyatımızın itirdiyi ondan ölçüyəgəlməz qədər ağırdır. Belə böyük itkinin yerini doldurmaq bu gün ilahinin də qüdrətindən uzaqdır.

Vətən yalnız coğrafi məkan idimi Mirzə Cəlil üçün?

“Dünyalar titrədi, aləmlər mayallaq aşdı, millətlər yuxudan ayılıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina eləməyə üz qoydular, bəs sən hardasan ay biçarə Vətən? Ax unudulmuş vətən. Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları… Niyə sakitsiniz, ey mənim lüt-üryan qardaşlarım? Sizi deyib gəlmişəm”.

… Kim idi Mirzə Cəlil üçün millət, xalq?

Gülbaharmı, Nazlımı, İsgəndərmi, Novruzəlimi?

Yoxsa Şeyx Nəsrullah dünyası, Qurbanəli bəylər?

Mirzə Cəlilin Gülbahara, Nazlıya, İsgəndərə, Novruzəliyə olan məhəbbəti dünyanın ən uca, ən ülvi, ən munis məhəbbətidir. Novruzəlilər də , usta Zeynallar da Mirzə Cəlilin özününkülər idi. Burada dahi yazıçılar “ Anlamaq dərdi” yada düşür. Torpaq kimi bölünməyimizdən əvvəl içimizdə neçə-neçə yerə bölünməyimizi böyük ustad yana-yana qələmə alırdı. Onun elə böyüklüyü də onda idi ki, bizim hamımızın gördüyümüzü, lakin demədiyimizi və ya deyə bilmədiyimizi, ola da bilsin, demək istəmədiyimizi qələmə alırdı.

Mirzə Cəlil milləti olduğu kimi görürdü. Mənəvi yoxsulluğun, cəhalətin, nadanlığın, yad təsirlərə uymuş milli cılızlığın tüğyan etdiyi bir dövrdə özünüdərkin kamillik zirvəsindən böyük ustad xalqı seyr edirdi, düşünürdü: “Bu millət öz dilinə, öz kökünə niyə belə baxır? Bu milli dəyərlər tək mənə, sənə, ona aid deyil axı, bütün bir xalqa məxsusdur. Ata-babalarımız onları bizə əmanət veriblər. Əmanətə beləmi baxarlar? Cavab tapa bilmirdi, yenə gücü qələminə çatırdı ki, ürəyindən keçənləri kağıza köçürsün. Elə bir əsərinə rast gəlmək mümkün deyil ki, orada Mirzə Cəlilin ürək yanğısı, qəlb göynəltisi hiss edilməsin. Belə də olmalıdır. Çünki mənən uca olmayanlar ucalıqdan danışa bilməzlər. Torpaq, Vətən, millət, dil haqqında ancaq Mirzə Cəlil ucalığının fövqündə dayananlar danışa bilərlər. Xalq yazıçısı Anar yazır: “Böyük yazıçılar bütün nəsillərin yaşıdıdırlar. Cəlil Məmmədquluzadə də babalarımızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bizim bir çox problemlərimizə cavab verən müdrik qardaşı kimi baxır. Mən bilirəm, bizim nəsil də gedəcək, amma o qalacaq və oğlumun yaşıdı olacaqdır… Və bizdən sonra gələn nəsillər onu yenidən nəşr edəcək, öz yaşıdları, müasirləri kimi tanıyacaq və övladlarına bəxş edib gedəcəklər”.

Bu gün azad, müsdəqil, mənəvi tərəqqiyə çatan, milli əqidə birliyi nümayiş etdirən Azərbaycan korifey sənətkarların arzularının reallaşması, illərlə yana-yana uğrunda mübarizə apardığı ideyaların gerçəkləşməsi deməkdir. Məhz buna görə də xalqımız dahi yazıçını bu gün də böyük minnətdarlıq və dərin ehtiramla anır.

Bunun ifadəsidir ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixdə Sərəncam imzalayıb. Bu, bədii nailiyyətlərlə zəngin ədəbi irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmış dahi yazıçının şəxsiyyətinin, fəaliyyətinin və yaradıcılığının bu gündə əbədi yaşarlığının təsdiqidir.

Təranə Mütəllimova

Naxçıvan Qarnizonu tam orta məktəbin

Azərbaycan dili və ədəbiyatı müəllimi