Rusiya “OPEC plus” sazişi üzrə bu il 31,3 milyard dollar qazanacaq

15 Noyabr 2019 19:14 (UTC+04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və digər hasilatçı dövlətlərlə icra edilən istehsalın azaldılmasına dair saziş (“OPEC plus”) sayəsində cari ildə Rusiyanın büdcə gəlirləri 2 trilyon rubl (təxminən 31,3 milyard dollar) artacaq. Bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novakın “Energetiçeskaya politika” jurnalındakı məqaləsində deyilir.

A.Novak xatırladıb ki, 5 il əvvəl bir barrelinin qiyməti 127 dollar olan neft 27 dollaradək geriləmişdi. Bu, həm Rusiya, həm də rus şirkətləri üçün asan deyildi. Lakin qısa müddətdə bazarda tarazlığı yaradacaq lazımi addım atıldı. OPEC və OPEC üzvü olmayan ölkələr arasında hasilatın azaldılması haqqında saziş imzalandı. “Sazişin imzalanmasından ötən müddətdə Rusiyanın büdcə gəlirləri 6 trilyon rubl (təxminən 94 milyard dollar) artıb. Bu il razılaşma sayəsində büdcə 2 trilyon rubl əlavə gəlir əldə edəcək. Lakin istehsalın azaldılması daimi deyil və Rusiyanın ehtiyacı olduğu zamanlarda istifadə ediləcək”, - deyə nazir bildirib.