Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın mədəniyyət siyasətindən bəhs edilib FOTOLAR

15 Noyabr 2019 17:31 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunan Azərbaycan nümayəndə heyəti müxtəlif tədbirlərdə iştirak edir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Dövlət Ermitajının baş qərargahında təşkil olunmuş “Mədəniyyət dəyərləri bizim üçün və gələcək üçün” mövzusunda panel diskussiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Yaşar Hüseynli spiker qismində iştirak edib.

Sektor müdiri paneldə “Azərbaycan Respublikasında mədəni dəyərlərin qorunması” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətindən bəhs edən məruzəçi mədəni dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində, o cümlədən, mədəni irs, peşəkar incəsənət və mədəni sənayelərin dəstəklənməsində qanunvericilik, inzibati, maliyyələşdirmə, informativ, kadr, infrastruktur və beynəlxalq təminat mexanizmlərinin rolundan söz açıb.

Məruzədə həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində milli və bəşəri mədəniyyət sərvətlərimizin məhv edilməsinə dair faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Yaşar Hüseynli ölkəmizdə həyata keçirilən düşünülmüş mədəniyyət siyasətinin beynəlxalq aləmdə əldə olunmuş nəticələri barədə də danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən və beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” haqqında da geniş məlumat verib.

Qeyd edək ki, VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu noyabrın 16-da başa çatacaq.