"Türkiyə “S-400”lərdən imtina etməyəcək"

14 Noyabr 2019 21:03 (UTC+04:00)

Türkiyə “Patriot”lara görə Rusiyanın “S-400” raket sistemlərindən tam şəkildə imtina edə bilməz. “Report” "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin yekunlarına dair ölkəsinə qayıdarkən jurnalistlərlə görüşü zamanı bildirib.

Vaşinqtonda prezident Donald Trampla danışıqları zamanı “Patriot” raket sistemlərini satın almağa hazır olduqlarını qeyd edən R.T.Ərdoğan bildirib ki, NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə Amerika ilə sıx əlaqələrə malikdir: "Lakin müdafiə mənbələrimizi şaxələndirmək milli mənafeyimizin və suveren hüquqlarımızın zəruri parçasıdır. “S-400”lərin müdafiə sistemimizdə yerinə böyük əhəmiyyət veririk. Əlverişli şərtlərlə versəniz, “Patriot”lardan da alarıq. Hərçənd “Patriot”ları alarkən “S-400”ləri tamamilə qırağa qoymaq təklifini də suveren hüquqlarımıza gətirilən məhdudiyyət olaraq görür və əsla düzgün hesab etmirik. Hazırda Yunanıstanın “S-300”ləri var, oraya dair heç belə səslər gəlmədi”.

“F-35” qırıcı təyyarələrlə bağlı proqramda müştəri yox, tərəfdaş qismində iştirak etdiklərini vurğulayan Türkiyə prezidenti Vaşinqtonda keçirdiyi danışıqlar zamanı amerikalı həmkarı Donald Trampı çox daha müsbət, yanaşmalarında daha konstruktiv gördüyünü dilə gətirib.