Əl çantasında külli miqdarda kalium permanqanat aşkarlanıb

14 Noyabr 2019 18:24 (UTC+04:00)

Əl çantasında külli miqdarda kalium permanqanat aşkarlanıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SİA-ya bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və əl yükü rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl çantasının içərisində geyim əşyalarının arasından gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 6 kiloqram olan kalium permanqanat, 330 ədəd üzərində “kalium permanqanat” yazılan təlimat kitabçası və 626 ədəd etiket aşkarlanıb.

Xatırladaq ki, kalium permanqanat “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.