Abad el yolundan və suyundan bəlli olar - TƏŞƏKKÜR MƏKTUBU

14 Noyabr 2019 17:46 (UTC+04:00)

Ölkə ərazisində müxtəlif təyinatlı layihələrin həyata keçirilməsindən bütün vətəndaşlar razılıq edir, bunu özünəməxsus şəkildə ictimaiyyələşdirir və sevincini hər kəslə bölüşməyə çalışır. SİA-nın elektron poçtuna da həmkarlarımızdan biri, "KÜR" qəzetinin baş redaktoru, "Tərəqqi" medallı əməkdar jurnalist Əminə Yusifqızı Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla bağlı məktub ünvanlayıb və öz fikirlərini bizimlə bölüşüb.

Baş redaktor yazıb: "Ötən gün ölkə başçısı İlham Əliyev Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.

Ulu öndər Heydər Əliyevin hər zaman xüsusi vurğuladığı bir fikir var idi: Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Bu gün əbədiyaşar liderin layiqli davamçısı, "Mən bu xalqa xidmət etmək üçün varam" deyən cənab Prezident İlham Əliyev biz yevlaxlılara 13 noyabr 2019–cu il tarixli sərəncamı ilə hədsiz sevinc bəxş etdi. 1935–ci ildən Yevlax rayonu kimi öz təşəkkülünü tapmış müasir və gözəl şəhərimizin daha da abadlaşması üçün ölkə başçısının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı ayırdığı 5 milyon manat sanki ürəyimizə su səpdi. Biz bu qərarı illərdir gözləyirdik. Dövlət başçısının inkişaf strategiyası Azərbaycanın gündən–günə dəyişən simasında hər zaman özünün bariz təsdiqini tapır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırır. Vaxtilə bölgələrimizdə olan bir çox problemlər öz həllini tapır. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin məkəzində Azərbaycan vətəndaşı dayanır. Aparılan uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan tək regionda deyil, dünya miqyasında da aparıcı bir dövlətə çevrilib.

Ziyalı, dövlətini və doğulub boya-başa çatdığı şəhəri canından artıq sevən bir yevlaxlı kimi Sizə sonsuz təşəkkür edirəm. Siz hər zaman öz uzaqgörən və düşünülmüş daxili və xarici siyasətinizlə xalqımızın rifahı üçün əlinizdən gələni artıqlaması ilə edərək Azərbaycanı zirvələrə qaldırmısınız. Biz yevlaxlılar da bizə ayırdığınız bu xüsusi diqqət və qayğıya görə sonsuz minnətdarlıq hissimizi bildirir və hər zaman Sizin arxanızdayıq deyirik. Çox sağ ol xalqın qəlbinin səsi, cənab Prezidentim!".