Reytinqi kəskin düşən Paşinyan şou göstərir

13 Noyabr 2019 15:42 (UTC+04:00)

Ermənistanın baş nazirinin reytinqi düşməkdə davam edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Past" qəzeti yazır.
Qəzet yazır ki, son vaxtlar baş nazir Nikol Paşinyanın özünü nümayiş etdirən hərəkətləri, çıxışları intensivləşib. Xalqa xoş gəlsin deyə erməni baş nazirin tez-tez sosial şəbəkədə görünməsi heç də təsadüfi deyil. Nəşrin məlumatına görə, buna səbəb, təxminən 10 gün əvvəl baş nazirə sosialoji rəy sorğuları barədə yeni məlumatların təqdim edilməsidir.
Nəşr qeyd edir ki, Ermənistanın baş naziri bu məlumatlardan həddindən artıq dərəcədə qəzəblənib və bu sorğunu bir daha yoxlamağı, eyni zamanda yerli təşkilatlardan birinin yeni rəy sorğusu keçirməsini əmr verib.
Qəzetin mənbələrinin məlumatına görə, baş nazirin reytinqinin 21-23% arasında dəyişdiyi təsdiqlənib. Rəy sorğusu zamanı digər suallara da cavab vermək təklif edilib. Nəticələr Paşinyanı çox qəzəbləndirib və bu səbəbdən də ən etibarlı adamlarına bu barədə düşünməyi, təhlil etməyi və gələcək fəaliyyət proqramını ona təqdim etməyi tapşırıb. Reytinqin bu qədər sürətlə düşməsini dayandırmaq üçün nə etmək lazım olduğu barədə Paşinyan indi baş sındırır və tapşırıqları, əmrləri də buna görədir. Ermənistanın baş nazirinin cəmiyyəti yeni, daha maraqlı şoularla təmin etmək üçün təşəbbüs göstərdiyi də təsadüfi deyil və reytinqinin kəskin şəkildə düşməsi, narahatlığı ilə əlaqədardır.