Bolqarıstanlı fotoqraf Milli Kitabxanada FOTO

13 Noyabr 2019 14:55 (UTC+04:00)

“Fantaziya” festivalı çərçivəsində təşkil edilmiş “Balkanlar, ortaq bir miras” fotosərgisinin müəllifi bolqar fotoqraf İvo Hacimişev Azərbaycan Milli Kitabxanasında olub. SİA-nın məlumatına görə, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova ilə söhbət zamanı burada olmasından məmnunluğunu bildirən İ.Hacımişev ideya müəllifi olduğu “The Balkans a shared heritage” adlı kitabı kitabxanaya hədiyyə edib. Kitab haqqında məlumat verən müəllif qeyd edib ki, sərgidə nümayiş olunan fotolar bir araya toplanaraq kitab halında çap olunub və kitabda antik dövrdən son orta əsrlərə qədər Yunanıstan, Türkiyə, Rumıniya, Serbiya, Bolqarıstan və digərləri də daxil olmaqla Balkan ölkələrinin ortaq mədəni və arxeoloji irsinin zənginliyini əks etdirən fotolar yer alıb.

İvo Hacimişev, eyni zamanda Muzey Mərkəzində eyniadlı fotosərginin də təşkil edildiyini bildirib.

Sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova fotoqraf İ.Hacimişevə Milli Kitabxanaya hədiyyə etdiyi qiymətli kitaba görə minnətdarlığını bildirib və öz növbəsində “Milli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində) və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) adlı kitabları qonağa hədiyyə edib.