Vüqar Muradovun evindən pul oğurlandı

13 Noyabr 2019 13:02 (UTC+04:00)

Müğənni Vüqar Muradovun evindən pul oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

İfaçının özü hadisə haqqında fikirlərini bildirib: "Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur".

Müğənni qeyd edib ki, aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edib: "Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar. Başda general-polkovnik Vilayət Eyvazov olmaqla bütün DİN rəhbərliyi və əməkdaşlarına təşəkkür edirəm".