Vətəndaşlar, görsəniz ki, rəhbər şəxslər əyri yola gedir, mütləq məlumat verin Azərbaycan Prezidenti

12 Noyabr 2019 17:12 (UTC+04:00)

Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik".