Boliviyanın müdafiə naziri istefa verib

12 Noyabr 2019 14:58 (UTC+04:00)

Boliviyanın müdafiə naziri Xavyer Savaleta vəzifəsindən istefa verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Savaleta bildirib: "Həmvətənlərim, bu gün müdafiə naziri olaraq istefa verirəm”.

O, əlavə edib ki, Silahlı Qüvvələrin baş komandanı olaraq heç vaxt əsgərlərə və dənizçilərə xalqa silah qaldırmaq əmri verməyib və heç vaxt da bu prinsipindən geriyə çəkilməyib. "Əgər indi hərbçilər xalqa qarşı silah tətbiq edərsə, bunun məsuliyyəti bu qərarı verənlərin üzərinə düşəcək", - Savaleta vurğulayıb.

Qeyd edək ki, oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində Evo Morales birinci turda qalib gəlib. Onun əsas rəqibi, keçmiş prezident Karlos Mesa rəqibinin qələbəsini tanımadığını bəyan edib. Seçkilərin nəticələri açıqlandıqdan sonra ölkədə etirazlar və tətillər başlayıb. Noyabrın 10-da Morales istefa verib və Meksikadan siyasi sığınacaq alıb.