Dövlət Bayrağı günü münasibətilə gənclərin yürüşü keçirilib

9 Noyabr 2019 21:48 (UTC+04:00)

Bu gün Şabran rayonunda 9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı günü münasibətilə gənclərin yürüşü keçirilib. Keçirilmiş yürüşdə 2500 gənc iştirak edib.Tədbir iştirakçıları, əvvəlcə bugünkü əlamətdar gün ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.