TƏPH kəməri ətrafındakı vəziyyət Türkmənistanı Aİ-yə meylləndirir

8 Noyabr 2019 15:48 (UTC+04:00)

Türkmənistan prezidenti Q.Berdıməhəmmədov Bakıda “Qoşulmama Hərəkatı”nın XVIII sammitində iştirak etdi və Cənab Prezident İlham Əliyevlə görüşüb, ikitərəfli münasibətləri müzakirə etdi. SİA xəbər verir ki, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün “Qarabağ saatı” mövzusunda keçirdiyi növbəti mətbuat konfransında deyib.

O, diqqətə çatdırıb ki, Türkmənistan prezidentinin Bakıya səfəri ərəfəsində Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya tranziti məsələsi ilə maraqlanacaqlarını açıqladılar.
“Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri ətrafında vəziyyət yenidən kəskinləşdi. Proseslər bir neçə istiqamətdən aşkarlandığı üçün ictimaiyyətin xəbəri olub:
ı. Hindistan TƏPH kəməri ilə türkmən qazını 350 dollara almaq istəmir, 140 dollara almaq istəyir. Hindistanın 350 dollara qazı almaq istəməməsi izah olunan məsələdir. Amma 140 dollar qiymət qoyması isə artıq siyasi parametrlərin rolunu göstərir. Hindistan İran qazını almaq niyyətindədir.
ıı. Pakistan da qazın qiymətini aşağı salmaq istəyir. Eyni zamanda Pakistanda məmurlardan biri TƏPH-ə ayrılan 255 milyon dollar vəsaiti oğurlayıb. Pakistanda yaranan çətinlikləri və Hindistanın mövqeyini İran parametri ilə əlaqələndirmək mümkündür.
Pakistanın Baş naziri İmran Xan Səudiyyə Ərəbistanı və İran arasında vasitəçilik missiyası ilə Tehranda olarkən İranın Ali rəhbəri Pakistanın Baş nazirinə vasitəçilikdən daha çox İran-Pakistan qaz kəmərinin çəkilməsi ilə məşğul olmağı tövsiyə etdi. Pakistanın ABŞ-la münasibətlərinin zəiflədiyi fonda Pakistan üçün bu təklif daha cəlbedici görünüb. Ona görə Hindistanda düşünürlər ki, İran qazı Türkmənistan qazından ucuz olacaq: Pakistana İran qazı gedəcəksə, oradan Hindistana da gedə bilər və yaxud Hindistan özü müstəqil şəkildə İrandan qaz ala bilər. Qeyd: TƏPH layihəsi reallaşdırılarkən bizim mərkəz belə vəziyyəti əvvəlcədən proqnozlaşdırmışdı.
ııı. Əfqanıstanda xüsusi olaraq TƏPH qaz kəmərinin müdafiəçisi üçün hərbi bölmə yaratdılar.
ıv. Əfqanıstanda TƏPH-in tikintisi üçün pul çatışmır. Bu rəqəm təxminən 12 milyard dollardır və Əfqanıstanın İqtisadiyyat naziri Mustafa Mastur bu məbləğin Əfqanıstanın imkanından kənarda olduğunu bildirdi.
v. Əfqanıstan və Pakistan hərbçiləri, rəsmiləri Türkmənistan Xarici İşlər Nazirliyində TƏPH marşrutunun tikintisi, müdafiəsi, elektrik və optik rabitə kanallarının tikilməsi, mühafizəsi məsələlərini müzakirə etdilər.
vı. Türkmənistan prezidenti Baş nazirin müavini, neft-qaz sahəsinin kuratoru Murat Meredova töhmət elan etdi. O, TƏPH-lə bağlı vəziyyəti yaxşı nəzarət altında saxlaya bilməyib, ölkə rəhbərliyinə vaxtında məlumat verməyib.
Prezident Q.Berdıməhəmmədov imperator Naruxitonun intronizasiyası ilə əlaqədar Yaponiyada oldu. Bu ölkənin Baş naziri ilə görüşdü, 4 müqavilə imzalandı. Q.Berdıməhəmmədov yapon biznesmenləri ilə səhər yeməyi yedi, Xirosaki universitetinin fəxri doktoru rütbəsi ilə mükafatlandırıldı.
Aşqabadda MDB sammiti keçirildi. MDB üzv ölkələrin prezidentləri sammitdə iştirakla yanaşı, müxtəlif ikitərəfli görüşlər keçirdilər. Prezident Q.Berdıməhəmmədov RF prezidenti V.Putinlə görüşdü, informasiya təhlükəsizliyi sahəsində milli tədbirləri möhkəmləndirmək məsələlərini müzakirə etdilər və bu sahədə də müqavilə imzalandı. Bu, Q.Berdıməhəmmədovun orijinal görünməsi kateqoriyasına aid edilə bilər.
Türkmənbaşı ilə Mahaçqala (Dağıstan, RF) arasında bərə əlaqəsi açmaq razılaşdırılıb”, deyə politoloq bildirib.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri həmçinin Aşqabadda MDB üzv ölkələrinin sammiti çərçivəsində Q.Berdıməhəmmədovun digər prezidentlərlə yanaşı, Özbəkistan prezidenti ilə də görüşünə toxunub.
“İki ölkə prezidenti İran istiqamətində yeni tranzit koridorunun formalaşdırılması məsələlərini müzakirə etdilər.
Türkmənistan aviakompaniyalarına Aİ ölkələrinin üzərindən uçmağa icazə verildi. Çinin Türkmənistandakı səfiri bu vaxtadək Türkmənistandan 250 milyard kub metr qaz nəql etdiklərini bildirdi. Türkmənistan prezidenti Daxili İşlər nazirini vəzifədən azad etdi, bütün təltiflərindən məhrum etdi, nazir həbs olundu”, deyən M.Əhmədoğlu bir çox məqamlara da aydınlıq gətirib.