Ay-ulduzlu Azərbaycan bayrağı qürur mənbəyimizdir TƏHLİL

8 Noyabr 2019 14:05 (UTC+04:00)

Qədim tarixdə bayraqlar siqnallaşma üçün istifadə edilmişdir

Aparılan araşdırmalara görə müasir dövrdə dünyada beş min xalq mövcuddur ki, onlardan yalnız dünya dövlətləri tərəfindən rəsmi olaraq tanınmış və qəbul olunmuş təqribən iki yüzünün dövləti və onun əsas atributlarından olan bayrağı vardır. Bundan başqa müxtəlif səbəblərdən heç bir ölkə tərəfindən tanınmamış 13 toplumların və yaxud xalqların bayrağı da mövcuddur ki, onları da əsasən özlərinin öz ərazilərində təşkil etdikləri tədbirlərdə, bəzən də digər hər hansı bir kicik toplantılarda görmək olur. Göründüyü kimi heç də öz dövlətini qurmaq və bayrağını yaratmaq eləcə də onu qoruyub saxlamaq hər xalqa nəsib olmur. Tarixə nəzər saldıqda görürük ki, Bayraqlar ilk illərdə yalnız siqnallaşma üçün istifadə edilmişdir. Ölkələrin özlərinə bayraq təyin etməsi isə, Orta əsrlərin əvvəllərində döyüşlərdə tərəflərin bir-birlərini ayırd edə bilmələri üçün ortaya çıxmışdır.

Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən dördbucaqlı şəklində olan lövhə və ya parça. Bayraqları öyrənən elm sahəsi veksillologiya adlanır.

Hər bir dövlətin əsas atributu sayılan bayraq müqəddəs anlam daşıyaraq, xalqın mənəvi-siyasi və mədəni birliyinin simvoludur. Bayraq eyni zamanda azadlıq və istiqlal rəmzi olaraq, xalqın məxsus olduğu dövlətin müstəqilliyini ifadə edir. «Bayraq» sözü ümumtürk mənşəlidir və qədim tarixə malikdir. Böyük mütəfəkkir Mahmud Kaşğarinin məşhur «Divanü lüğat-it-türk» (XI əsr) əsərində müasir dilimizdəki «bayrak/batrak» sözü qeydə alınmışdır. Eyni zamanda, tədqiqatçıların fikrincə, həmin söz «batırak/batrak/bayrak» semantik-struktur təkamül modeli əsasında «batır»-(batırmaq, sancmaq) feitindən törəmişdir. Müasir türk dilində «bayraq» sözü ilə yanaşı «sancaq» sözü də işlədilir. Qeyd etmək lazımdır ki, qədim türk tayfalarında bayraq müxtəlif adlarla (sancaq, tuğ, ələm) tanınır və müqəddəs anlam daşıyırdı. Bu da onların dini inancları ilə bağlı idi. Belə ki, Göytürk dövlətində qurd başlı tuğlardan istifadə olunurdu. Bundan əlavə, «tuğ», «sancaq», «ələm» anlayışlarına «Kitabi-Dədə Qorqud» dastanında da rast gəlinir.

BAYRAQ (SANCAQ, TUĞ, ƏLƏM) OĞUZ TAYFALARINDA MÜQƏDDƏS RƏMZ SAYILARAQ DÖYÜŞÇÜLƏR TƏRƏFİNDƏN ÖNDƏ DAŞINIRDI

Bayraq (tuğ, sancaq, ələm) Oğuz tayfalarında müqəddəs rəmz sayılaraq, döyüşçülər tərəfindən öndə daşınırdı. Bəşər tarixində bayraqların ilkin formaları uzun dirəklər üzərində müxtəlif bəzək ünsürlərindən və sakral elementlərdən tərtib olunan xüsusi tanınma-fərqləndirmə nişanlarından ibarət olmuşdur. Onlara müasir elmi dövriyyədə ümumiləşdirilmiş şəkildə «veksilloidlər» deyilir. Bu nişanlar hələ qədim dövrlərdə qəbilə, tayfa və ya tayfa birlikləri başçılarının hakimiyyət rəmzi olmaqla, hərbi əhəmiyyət də daşımışdır.Döyüş zamanı bu tipli bayraqlar müqəddəs hesab edilir, onun düşmən əlinə keçməsi məğlubiyyətin başlıca əlaməti sayılırdı. Qeyd etmək lazımdır ki, qədim veksilloidlərin təsvirləri Misirdə aşkar edilmişdir. Belə ki, Misirin Qahirə muzeyində saxlanılan, təxminən e.ə. 3200-cü ilə aid daş kitabədə Misir fironu Narmerin qarşısında dörd döyüşçünün Misir əyalətlərinin hərbi simvollarını daşıması təsvir edilmişdir. Beləliklə, Misirdə ilk sülalələr dövründən hökmdarı bayraqla (veksilloidlə) müşayiət etmək ənənəsi olmuşdur, ilk ipək bayraq qədim Çin dövləti ilə əlaqələndirilir. Çjou sülaləsinin əsasını qoyan imperator Çjou e.ə. XII əsrdə onun saraya gəlişini xəbər verən ağ bayrağın öndə aparılması barədə əmr vermişdi. Beləcə, tarixdə müasir bayraqların ilk prototipləri qaldırılmışdı.

YÜNGÜL, DAVAMLI İPƏK PARÇALAR BAYRAQLARIN HAZIRLANMASI ÜÇÜN İDEAL SAYILIRDI

Yüngül, davamlı ipək parçalar bayraqların hazırlanması üçün ideal sayılırdı, ipək bayraq uzaq məsafədən daha aydın görünürdü. Bayraqların parçadan hazırlanması ənənəsi Çindən sonra Monqolustan, Hindistan, iran, Roma, daha sonra isə bütün dünyaya yayılmışdır. Qədim Roma ordusunda bayrağı (veksillum) bayraqdar Roma imperiyasında hərbi süvari qoşunlarına verilən bayraqlar «veksillum» adlanırdı. Veksillum Qərbi Avropada müasir bayraqlara bənzəyən ilk bayraq sayılırdı. Bu bayraqların parça hissəsi tünd qırmızı rəngdə, dördkünc formada idi və dirəyin yuxarı hissəsindən üzü aşağı vertikal şəkildə bərkidilirdi. Qeyd etmək lazımdır ki, «veksillum» sözündən XX əsrin ortalarında «veksillologiya» (bayraqları öyrənən elm) termini yaranmışdır. Orta əsrlərdə Avropada ordunun bölmə və hissələrinin fərqləndirici bayraqlarına «ştandart» deyilirdi. Bundan əlavə, ştandart həm də hakimiyyətin, dövlət rəhbərinin atributu sayılırdı. Hazırda bu ənənə qalmaqdadır və bir sıra dövlətlərin başçılarının qanunla müəyyən edilmiş qaydada ştandartları vardır.

AZƏRBAYCANDA ŞTANDART (SANCAQ) FORMALI BAYRAQLARIN HƏLƏ TUNC DÖVRÜNDƏ (E.Ə. IV-II MİNİLLİKLƏR) İSTİFADƏ EDİLMƏSİ MƏLUMDUR

Azərbaycan dövlətçiliyinin əsas rəmzlərindən biri sayılan bayrağımızın tarixi dərin köklərə malikdir. Azərbaycan ərazisində ilk bayraqların yaranma tarixi ilə tanış olduqda görürük ki, onların meydana gəlməsi bizim eradan əvvəlki dövrləri əhatə edir. Azərbaycanda arxeoloji tapıntılara əsasən, ştandart (sancaq) formalı bayraqların hələ Tunc dövründə (e.ə. IV-II minilliklər) istifadə edilməsi məlumdur. Arxeoloji qazıntılar zamanı Şəmkir və Şəki rayonlarında tapılmış buynuzlu maral, üzərində səkkizguşəli ulduz, şüalanan günəş və müxtəlif həndəsi naxışlar olan dairəvi lövhə və başqa formalı tunc ştandart başlıqları bu gün muzey kolleksiyalarını bəzəyir. Qeyd edək ki, Azərbaycanda aşkar edilmiş əksəriyyəti taxta sapa taxılmış, buynuzlu heyvan fiqurlu ştandartlara Manna qalalarının təsvir edildiyi, e.ə. VIII-VII əsrlərə aid Assuriya divar rəsmlərində rast gəlmək olar. Tunc dövrünə aid hakimiyyət rəmzi (e.ə. XV-XIV əsrlər) Milli Azərbaycan Tarixi Muzeyi Manna qalaları üzərində buynuzlu heyvan təsvirli rəmzlər (e.ə. VIII-VII əsrlər) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bayraqları Dövlət Bayrağı Muzeyi ilkin bayraqlar uzun bir təkamül yolu keçmişdir. Tədricən bayraq ucluqları kiçilmiş, parça hissəsi isə böyüdülmüşdür. Beləliklə, bayraqlar müasir görkəm almağa başlamışdır. Müasir dövrümüzdə bayraqlar dövlət, milli, hərbi (hərbi hissələrin, hərbi dəniz gəmilərinin), müxtəlif təşkilatların bayraqlarına və ştandartlara (vəzifəli şəxslərin bayraqları) bölünür. Hal-hazırda ştandart dövlət başçılarının hakimiyyət simvolu sayılır.

İLK HAZIRLANDIĞI KİMİ HƏLƏ DƏ İSTİFADƏ EDİLƏN, DÜNYANIN ƏN YAŞLI BAYRAĞI

Artıq qeyd etdiyimiz kimi bəzi tarixi mənbələrdən əldə etdiyimiz məlumatlara görə ən qədim bayraq Çin və Hindistanda peyda olmuş, daha sonradan bütün dünyaya yayılmışdır. Onun da dünyada ilk bayraq olduğunu demək çətindir. Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, ilk hazırlandığı kimi hələ də istifadə edilən dünyanın ən yaşlı bayrağı Danimarka ölkəsinin (15 iyun 1219-cu ildə qeydə alınmışdır) bayrağıdır. Bu bayraq daha sonradan digər skandinaviya ölkələrinin bayraqlarının quruluşuna təsir göstərmişdir. Bayraq rəsmi olaraq qəbul edilməmişdən öncə vikinqlərin ərazilərində istifadə edilirdi və üçbucaq kənarlara malik idi. Avstriyada ən qədim bayrağa sahib olmağa namizəddir. Lakin buradakı bayrağın tarixi 1230-cu il olaraq göstərilir. Göründüyü kimi bu bayrağın da həmin dövrə aid olub-olmaması barədə tarixçilər və elm adamları tərəfindən müxtəlif fikirlər söylənilir.

AĞ BAYRAQ

Bundan başqa bütün dünyada tanınan ağ bayraq da mövcuddur ki, beynəlxalq səviyyədə barışığın əldə edilməsi, yaxud müharibənin başa çatması və danışıqların aparılmasını xahiş etmək nişanıdır. Ağ bayraq həmçinin təslim olmaq niyyətini də bildirir, buna görə də adətən zəif hərbi tərəf bu bayraqla çıxış edərək danışıqlara başlamağı xahiş edir. Ağ bayraqla yaxınlaşan insanın silahsız olduğunu və dialoqlara başlamaq arzusunda olduğunu ifadə edir. Ağ bayraq daşıyan insan atəş aça bilməz və onu vurmaq olmaz. Bayraqdan istifadə Cenevrə Konvensiyasına daxil edilib.

TARİXİ AZƏRBAYCAN DÖVLƏTLƏRİ VƏ BAYRAQLARI

Azərbaycanda isə hələ 1136 -cı ildə öz ərazisində mövcud olmuş ATABƏYLƏR DÖVLƏTİ-NİN (ELDƏGƏZLƏR DÖVLƏTİ) - paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan və Təbriz olmuşdur) göy rəngli üzərində ikibaşlı qartal təsviri olan bayrağı ucalırdı. Sonrakı illərdə QARAQOYUNLU DÖVLƏTİ - 1410-1468-ci illər ərzində Şirvan istisna olmaqla bütün Azərbaycanı, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edirdi. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə o Qaraqoyunlu adlanırdı. 1467-ci ildə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən AĞQOYUNLU DÖVLƏTİNİN əsasını qoyur.

SƏFƏVİLƏR DÖVLƏTİ - 1501- ci ildən 1736 - cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş bir dövlətdir. Bayrağında İslam rəmzi olan yaşıl rəng üstünlük təşkil edir.

BAKI XANLIĞIN BAYRAĞI - bayrağın dördkünc qumaşı (ölçüləri 220 x 122 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilmiş yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6 sm) vasitəsilə bayraq ağacına taxılmışdır.Yaşıl parçanın üstündə xırda nəbati naxışlı üç zolaq vardır. Birinci zolaqda yanyana baş-ayaq yerləşdirilmiş biri tünd, o biri açıq yaşıl rəngli zambağa oxşar butaların içində altıləçəkli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlar salınmışdır. Daha enli ikinci zolağın içində ucları birləşdirilmiş, biri tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilmiş, bu ayparaların və onların birləşməsindən yaranmış çevrənin içində altı və səkkizləçəkli güllər tikilmişdir. Ayparalarla zolağın arasında içərisində tünd yaşıl saplarla xallar vurulmuş butavari yarpaqlardan yaradılmış ornament salınmışdır. Bütün gül və naxışların üzərində artıq solmuş güləbətin saplarının izləri qalmışdır. Yaşıl parçaya yaxın yuxarı sol hissədə yerləşən parçanın üstündə tünd moruğu onturlu ucları birləşdirilmiş üç aypara təsvir edilmişdir. Birinci ən böyük ayparanın içində ortadan başlayaraq əks istiqamətlərdə tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli ayparanın içində tünd moruğu saplarla ərəb dilində "Ya Məhəmməd, möminləri müjdələ" və "Allahdan kömək və yaxın qələbə" sözləri yazılmışdır. Digər ayparanın uclarının birləşməsindən əmələ gələn çevrənin içində yaşıl fonda tünd moruğu saplarla ərəb dilində "Allah kömək edəndir və Allah qoruyandır" sözləri yazılmışdır. Uzunsov səkkizləçəkli gül formasında olan aşağı hissəsi ərəb qrafikası elementlərini ("bismillah" və ya "Bakuyə") xatırladan mürəkkəb naxışlarla örtülmüşdür.

GƏNCƏ XANLIĞIN BAYRAĞI- bayrağın dördkünc qumaşı (uzunluğu 127 sm, eni 174 sm) məxsusi toxunmuş və əl ilə bir-birinə tikilmiş moruğu və yaşılrəngli xara parçalarından hazırlanmışdır. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir. Qızılı zanbaq gülləri ilə əhatələnən qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə yazılmış "Allah" sözü vardır. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünmüş çərçivədə ərəbcə aşağıdakılar yazılmışdır: "Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır ". Mərkəz hissə ara xətləri ilə on qata bölünmüş və bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanmışdır: "Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir".

ŞƏKİ XANLIĞI BAYRAĞI - ölçüsünə görə ən iri bayrağı (245 x 237 sm) beşbucaqlı formasındadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Ortada, güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında, sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvarı və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır.

İRƏVAN XANLIĞIN BAYRAĞI- bayrağın qumaş hissəsi (ölçüləri:156 x 156 sm) zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Onun üstündə təbii boyalarla Şir və Günəş (şirixurşid) təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən Şir başını arxaya döndərmiş, qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir. Şirin arxasında doğan sarı Günəş və onun qızılı şüaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda "Əs-sultan ben əs-sultan Şah Fətəli Qacar, 1239" sözləri yazılmışdır. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda - "Möminləri müjdələ", solda - "Kömək allahdandır və yaxın qələbə", yuxarıda sağda - "Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik", solda - "Mərhəmətli, rəhimli allahın adı ilə". Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır.

QARABAĞ XANLIĞIN BAYRAĞI- İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq bir il sonra - 1807-ci ildə Mehdiqulu xana təqdim edildi. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. Bayraq qumaşı (ölçüləri 115 x 100 sm) zamanın təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənmişdir. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilmişdir. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi - Müqəddəs Müzəffər Georginin əksi verilmişdir. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilmiş, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınmışdır. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülmüşdür.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI - haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilirdi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi.

1920-ci il aprelin 28-də Bakıda SOVET HAKİMİYYƏTİ quruldu və Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. İlk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu.

AZƏRBAYCAN SOVET SOSİALİST RESPUBLİKASININ ilk bayrağı 1921-ci ilin may ayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarət idi, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı "AİŞC" və ya “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdir. Azərbaycan SSR-in bayrağının RSFSR-in (Rusiya Sovet Sosialist Federativ Sosialist Respublikası) bayrağından fərqi onda idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-ində isə yaşıl verilmişdi. 1921-ci Azərbaycan SSR-in dövlət dili əsasında türk dili, əlifbası isə ərəb əlifbası idi, odur ki, "AİŞC.” abreviaturası da ərəb əlifbası ilə türk dilində verilirdi.

AZƏRBAYCAN SSR-nin 1921-1922-ci illərdəki bayrağı-1922-ci ilin dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul etdi. Bu amil bayrağın təsvirinə də öz təsirini göstərmiş oldu, yəni "A.S.S.R" abreviaturası, həm latın, həm ərəb əlifbası ilə verildi.

AZƏRBAYCAN SSR-nin 1922-24-cü illər ərzində dalğalanan bayrağı 1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasını qəbul etdi. Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il martın 14-də onu təsdiq etdi. "AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq sapı tərəfdə radiusu bayraq eninin 1/6-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib; ayparanın diametri bayraq eninin 1/10-nə bərabərdir, oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə "A.İ.Ş.C" yazısı verilib.

Azərbaycan Sovet Sosialist Respublikasının 1924-1930-cu illər bayrağı 20-ci illərin axırında rus dilindəki "социалистическая" sözü əvvəlki tək "ictimai" kimi deyil, "sosialist" kimi tərcümə edilməyə başlanıldı. Bununla bağlı bayraq üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. 1930-cu ildən başlayaraq, Azərbaycan SSR-in bayrağı üzərində "ASSR" abreviaturası yalnız latın əlifbası ilə verilməyə başladı.

Azərbaycan Sovet Sosialist Respublikasının 1930-1937-ci illər bayrağı 1937-ci il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi: Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində "Az SSR" sözləri yazılmış qırmızı qumaşdan ibarətdir.

Azərbaycan SSR-nin 1937-1940-cı illər ərzindəki bayrağı. Bayraqdakı təsvirlər latın qrafikası ilə göstərilib.
1939-cu il 11 iyul tarixdə qəbul edilmiş "Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına keçməsi" haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən Azərbaycan əlifbası latın əlifbasından rus əlifbasına keçirildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində "Az. SSR" abreviaturası yeni əlifba ilə təsvir edildi.

AZƏRBAYCAN SSR-nin 1940-1952-ci illər ərzindəki bayrağı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan SSR-nin yeni Dövlət bayrağı təsdiq olundu və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edildi: "Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir.

Azərbaycan SSR-in 1952-1991-ci ilə kimi mövcud olmuş bayraq,1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə dəyişilərək Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb.

Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ŞTANDARTI

Azərbaycan Respublikasının Prezidenti ilham Əliyevin ştandartı (bayrağı) 15 sentyabr 2008-ci ildə «Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında» imzalanan Fərman əsasında qəbul olunmuşdur. Fərmanda qeyd olunur ki, «Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) Azərbaycan Respublikası Prezidentinin rəsmi simvoludur; Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) etalonu (orijinalı) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident sarayında yerləşən xidməti otağında saxlanılır; Azərbaycan Respublikası Prezidentinin ştandartının (bayrağının) dublikatı Azərbaycan Respublikasının Prezident sarayının və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarının üzərində, Azərbaycan Respublikasının Prezident sarayında və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası Prezidentinin digər iqamətgahlarda olduğu müddətdə həmin iqamətgahların üzərində, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən rəsmi tədbir və digər mərasimlər zamanı Azərbaycan Bayraği Azərbaycan Respublikası Prezidentinin ştandartının dublikatı (15 sentyabr 2008-ci il) Dövlət Bayrağı Muzeyi Azərbaycan Bayraği Azərbaycanın orta əsrlər dövlətlərinin bayraqları (reproduksiya) Dövlət Bayrağı Muzeyi həmin tədbirin keçirildiyi binanın üzərində və ya həmin tədbirin keçirildiyi salonda (otaqda), Azərbaycan Respublikası Prezidentinin nəqliyyat vasitələri üzərində qaldırıla (asıla) və ya yerləşdirilə bilər». Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğundur və hər iki üzündə qırmızı zolağın ortasında Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmişdir. Dövlət bayrağından fərqli olaraq, Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) kvadrat formadadır və müxtəlif ölçülərdə ola bilər.

DÖYÜŞ BAYRAĞI

Döyüş bayrağı-Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canmı belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiә etmək, doğma torpağın hər qarışmı düşməndən qorumaq borcunu xatırlatmaq üçündür.

Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimata yazılır.

3.Döyüş Bayrağı hər vaxt öz hissəsi ilə, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır.

4.Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını fədakarlıq və mərdliklə qorumalı və onun düşmən tərəfindən ələ keçirilməsinə yol verməməlidir. Döyüş Bayrağı itirildikdə hərbi hissənin komandiri və bu rüsvayçılığa bilavasitə müqəssir olan hərbi qulluqçular məhkəməyə verilməli, hərbi hissə isə ləğv edilməlidir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Hİssəsinin döyüş bayrağinin təsviri - Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi hissəsinin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən, qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipəklə "Azərbaycan uğrunda" şüarı tikilib. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında qurama vardır: Silahlı Qüvvələrin emblemi (hündürlüyü 55 sm), aypara (hündürlüyü 22 sm), ayparanın yuxarı yönəldilmiş iti ucları arasında mavi zolaqda qarşı duran təpələrinin arası 12 sm olan sәkkizguşәli ulduz yerləşib. Aypara tiyələri yuxarı baxan çarpazlaşdırılmış qılınclara söykənib. Aypara, səkkizguşəli ulduz və qılınclar ağ ipəkdən tikilib. Qılıncların aşağı əsaslarından tiyələr boyunca hər iki tərəfə, onların ucuna qızılı ipək sapla tikilmiş iki dəfnə budağı yönəlib. Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda qızılı ipək sapla hərbi hissənin nömrəsi və adı tikilib. Rəqəmlərin hündürlük ölçüsü 7,0 sm, yazının hərflərinin ölçüsü 4,5 sm-dir. Hərbi hissənin adındakı hərflərin sayından asılı olaraq rəqəmlərin ölçüsü 5,0 sm-ə, hərflərin ölçüsü 4,0 sm-ə qədər azaldıla bilər. Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 2,5 m olan girdə ağacdandır. Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halda, yuxarı ucunda isə nikellənmiş fiqurlu ucluq vardır. Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var. Qaytanın uzunluğu 270-285 sm-dir.

Müasir milli bayrağımızı qərb bölgəsində 1991-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gələn, Laçın Bağırova tikərək milli ordumuzun əsgərlərinə bağışlayıb. Bayrağımız Tovuzun ermənilərlə sərhəddəki Ağdam kəndinin ən uca yerində 14 metr hündürlüyündə düşmənin gözü önündə dalğalandırılıb.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi DÖVLƏT BAYRAĞI günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

“Resurs” Analitik İnformasiya Mərkəzi