Şahmatçılar arasında növbəti Olimpiada Naxçıvanda keçiriləcək?

7 Noyabr 2019 22:33 (UTC+04:00)

On altı yaşadək idmançılar arasında Ümumdünya Şahmat Olimpiadası 2020-ci ildə Azərbaycanda keçirilə bilər. Bu barədə AZƏRTAC-a Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov məlumat verib. O qeyd edib ki, AŞF-nin Naxçıvan Şahmat Federasiyası ilə birgə FIDE-yə göndərdiyi məktubda Naxçıvanın 2020-ci ildə bu nüfuzlu turnirə ev sahibliyi etmək istədiyi ifadə olunub.

Olimpiadanın Naxçıvanda yüksək səviyyədə təşkili üçün hər cür şəraitin olduğunu vurğulayan Faiq Həsənov deyib: “Azərbaycanda şahmata maraq çox böyükdür. Təsadüfi deyil ki, şahmatçılarımızın sorağı ən nüfuzlu turnirlərdən gəlir. Şahmatın Naxçıvanda da yüksək sürətlə inkişafı istiqamətində çoxlu işlər görülür. Seymur Talıbov Naxçıvan Şahmat Federasiyasına rəhbər seçildikdən sonra bu sahədə kütləvilik artıb, uşaq və yeniyetmələrdə idmanın bu növünə böyük maraq yaranıb. Naxçıvan şahmatçıları artıq beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edib, nəticələrini getdikcə yaxşılaşdırırlar. Ümumdünya Şahmat Olimpiadasının Naxçıvanda yüksək səviyyədə təşkili üçün hər cür şərait var”.