İranın Astara dəmir yolu ilə ixrac edilən yüklərin həcmi artıb

7 Noyabr 2019 00:05 (UTC+04:00)

Cari ilin ötən dövrü ərzində İranın yalnız Gilan vilayətindən ixrac üçün Astara dəmir yolunun yük terminalına 192 min 300 ton yük göndərilib. AZƏRTAC xəbər verir ki, bu barədə İran Dövlət Dəmir Yolları Təşkilatının şimal regional idarəsinin rəisi Qulamhüseyn Validi məlumat verib. O bildirib ki, ümumilikdə Astara yük terminalına ixrac üçün daxil olan yükün həcmi 98 min 800 tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artım deməkdir.

Qeyd edək ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti çəkildikdən sonra İranın bu yolla ixrac etdiyi yüklərin həcmində artım müşahidə olunub. Nəzərə çatdıraq ki, yüklərin Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya göndərilməsi isə ölkəmizin tranzit gəlirlərini artırıb.